Oktyabrın 11-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.
Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib.
O bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32%, 59%, 20%, 91%, 78%, 188% artımlar müşahidə edilib. Kənan Quluzadə, həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.
Sədr müşaviri Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyini, bu rəqəmin 2026-cı ildə 4 milyona çatmasının gözlənildiyini bildirib.
O qeyd edib ki, 2026-cı ildə turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.
Bundan əlavə, tədbirdə Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi layihəsi ilə bağlı iştirakçılarına məlumat verilib. Toplantının nəticəsi olaraq 2024-cü il üçün Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının turizm paytaxtı seçilib.
Tədbir oktyabrın 12-də keçiriləcək "Türküstan: Türk Dünyasının Turizm Paytaxtı" beynəlxalq forumu ilə işini davam etdirəcək. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.