Türkiyənin diplomatik dairələrindəki mənbədən alınan məlumata görə, yaxın vaxtlarda Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması ilə bağlı yol xəritəsi nəzərdən keçirilə və təsdiq oluna bilər.
Hazırda bu məsələ ilə bağlı Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında danışıqlar aparılır və yol xəritəsinin imzalanmasından sonra tərəflərin onun həyata keçirilməsinə başlayacağı gözlənilir. Konkret tarixlər hələ açıqlanmayıb.
Bildirilib ki, Azərbaycan Türkiyədə qaz qovşağının reallaşdırılmasında iştirak etməyə hazırdır.
Azadmedia.az xatırladır ki, bundan əvvəl Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ankara Rusiyadan qaz üçün “daha münasib qiymətlər” alacağını gözləyir və “Qazprom”la qarşılıqlı anlaşmaya ümid edir.
Moskva və Ankara qazın qiymətinin maksimum səviyyəsi ilə bağlı razılığa gəliblər, ona görə də Avropanın ən böyük TTF qovşağında qiymət dəyişkənliyi baş verərsə, Türkiyə tərəfi kəskin qiymət artımlarından qorunur. Nazir etiraf edib ki, belə bir şərt endirim sayıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.