Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədilə öz fəaliyyətini “Gömrük İNKİŞAF modeli”nə uyğun olaraq davam etdirir. İNKİŞAF modelinin ideoloji izahı düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir.
DGK-dan Azadmedia.az-a verilən məlumata görə “Gömrük İNKİŞAF modeli” 7 əsas komponentdən ibarətdir:
İstiqamət – bu komponent düzgün istiqamətdə hərəkəti ifadə edir. Belə ki, İNKİŞAFA doğru aparan ən düzgün, optimal və qısa yolların müəyyən edilməsi nəticədə əldə edilmiş həllərin və nailiyyətlərin cəmiyyətin sosial sifarişinə əsaslanan prioritet məsələlərin müəyyən edilməsinə köməklik göstərir.
Novator – bu komponent müasir dövrün tələblərinə uyğun yüksək texnologiya məhsullarının ən son nailiyyətlərinin tətbiqi ilə ərsəyə gələn alətlərin və mexanizmlərin geniş şəkildə gömrük sistemində istifadəsi ilə tamamilə yeni həllərin hazırlanmasını ifadə edir.
Keyfiyyət – bu komponent tətbiqinə başlanılmış layihələrin kəmiyyət göstəricilərini istisna edərək daha çox keyfiyyət göstəricilərinə fokuslanaraq təkmilləşdirilməsini əks etdirir.
İşgüzar – bu komponent komanda ruhunu, dürüstlüyü və nəticəyönümlü fəaliyyəti təşviq edən, karyera yüksəlişi üçün motivasiya parametrlərini müəyyən edən, əməyin göstəricilərlə qiymətləndirilməsinə imkan verən insan resurslarının cəlb edilməsini özündə birləşdirir.
Şəffaf – bu komponent həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətin göstərilməsini səciyyələndirir.
Asan – bu komponent vətəndaşlar və biznes subyektləri üçün istifadəçi yönümlü, rahat və vaxt itkisinə səbəb olmayan həll və alətlərin tətbiqinə başlanılmasını ifadə edir.
Faydalı – bu komponent vətəndaşlar və biznes subyektləri üçün özünüdoğruldan və nəticəyönümlü həll və alətlərin hazırlanaraq istifadəyə verilməsini səciyyələndirir.
“Gömrük İNKİŞAF modeli”nin cəmiyyətdə mahiyyəti üzrə məna yükündən irəli gələn son məqsədlərinə nail olmaq üçün Dövlət Gömrük Komitəsinin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi - “Gömrük xidmətinin Fəaliyyət Proqramı” hazırlanmışdır. Fəaliyyət Proqramında İNKİŞAF modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib məsələlər müəyyənləşdirilmişdir. Bu məsələlər 4 kateqoriyada birləşdirilmişdir:
1. Gömrük dəyəri və ödənişlər:
1.1. Gömrük dəyərinin müəyyən edilməsi işinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
1.2. Gömrük rüsum dərəcələrinin və gömrük yığımlarının tətbiqi, malların təsnifatlandırılması;
2. Sərhəd keçidi:
2.1. Nəqliyyat vasitələri və kommersiya təyinatlı mallarla bağlı sərhəd keçidi;
2.2. Fiziki şəxslərin və onlara məxsus qeyri-kommersiya təyinatlı malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi, o cümlədən beynəlxalq poçt göndərişləri;
2.3. Gömrük rəsmiləşdirilməsinin gömrük sərhəd buraxılış məntəqələrinə qədər həlli;
3. Proses və prosedurlar:
3.1. Gömrük qanunvericiliyinin tətbiqi;
3.2. Gömrük rəsmiləşdirilməsinin biznes proseslərinin və xüsusi gömrük prosedurlarının (saxlanc, daxildə emal, müvəqqəti idxal) təkmilləşdirilməsi;
3.3. İnzibati və hüquqi tədbirlərin icrası (ixrac olunan mallar müqabilində əldə olunmuş valyuta sərvətlərinin ölkəyə gətirilməməsi və s.);
3.4. Səlahiyyətlər və iş yükünün bölgüsü.
4. Sistem və alətlər:
4.1. Elektron xidmətlərin təkmilləşdirilməsi;
4.2. Gömrük əməliyyatları üzrə şəxsi uçot vərəqəsinin olmaması;
4.3. Gömrük təmsilçiləri və anbarlar;
4.4. Əsas fəaliyyət göstəriciləri (ƏFG);
4.5. Şəxslərlə əlaqələrin idarə edilməsi (CRM);
4.6. Xarici tərəfdaşlar və digər qurumlarla məlumat mübadiləsi və koordinasiya;
4.7. Könüllü riayətetmə və ticarət-təchizat zəncirinin təhlükəsizliyi (Səlahiyyətli İqtisadi Operatorlar, Məcburi qərarlar);
Qeyd edilən məsələlər “Gömrük İNKİŞAF modeli”nin keyfiyyət komponentinə uyğun olaraq tətbiqinin çətin və asan, təsirinin isə kiçik və böyüklüyündən asılı olaraq təsnif edilmişdir.
Daha sonra İNKİŞAF modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə İşçi qruplar yaradılmış və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılmışdır.
İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələrin bəziləri tamamlanmış, bəzilərinin isə icrası davam etməkdədir.
Tamamlanmış layihələr:
- Elektron Hesab Səhifəsi;
- Gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi;
- Bildiriş verildikdən sonra təminat əsasında malların buraxılış imkanının yaradılması;
- Məcburi qərarların istifadəsi;
- Ekspertiza rəyləri üçün vahid bazanın yaradılması;
- Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi;
- Avro-4 sertifikatının elektron formada verilməsi;
- Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri ilə bağlı təminatın ilkin məbləğinin 5000 manat müəyyən edilməsi.
İcrası davam edən layihələr:
- Beynəlxalq standartlara uyğunlaşdırılmaqla yeni Gömrük Məcəlləsinin hazırlanması;
- Gömrük nəzarətinin risk əsaslı təşkili;
- Gömrük portalı və «Smart Customs» mobil tətbiqinin təkmilləşdirilməsi;
- Gömrük dəyərinin müəyyən edilməsi üsullarının izahedici qeydləri;
- Səlahiyyətli İqtisadi Operator Proqramının tətbiqi;
- Gömrük təmsilçilərinin fəaliyyətinin qiymətləndirilməsi yolu ilə təmsilçilik institutunun inkişaf etdirilməsi.
Planlaşdırılan layihələr:
- Orta dəhliz boyu «Bir pəncərə» prinsipindən istifadə etməklə tranzit gömrük portalının yaradılması;
- Xarici ticarət fəaliyyətinin tənzimlənməsinin real vaxt rejimində bir nöqtədən həyata keçirilməsini təmin edən Vahid idxal-ixrac pəncərəsinin (VİP) yaradılması;
- Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi;
- “ÖzüNET” mobil tətbiqi yaratmaqla tam mərkəzləşdirilmiş Gömrük Qərarvermə Sisteminin tətbiq edilməsi;
- Mallar ölkənin gömrük ərazisinə gətirilmədən əvvəl gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi imkanının yaradılması, habelə sərhəd ödənişlərinin təyinat gömrük məntəqəsində ödənilməsi və malların ikipilləli buraxılış sistemi vasitəsilə sərbəst dövriyyəyə buraxılması sisteminin yaradılması;
- Gömrük dəyərinin onlayn kalkulyator vasitəsilə hesablanması imkanının yaradılması;
- Elektron Hesab Səhifəsində dəbbə pulunun əməkdaşlar tərəfindən manual qaydada deyil, vahid yanaşma tətbiq etməklə sistem tərəfindən avtomatik hesablanması, həmçinin müvəqqəti idxal xüsusi gömrük prosedurunda gömrük ödənişlərinin avtomatik hesablanması və tutulması.
Gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib digər məsələlər də daxil edilməklə “Gömrük İNKİŞAF modeli”nin implementasiyası qarşıda duran əsas prioritetimizdir.