Stansiya yol infrastrukturunun qurulmasına başlanılıbBənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb. Müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı hər səviyyədə üç zonaya bölünərək aparılıb. Bu səbəbdən qazıntıya paralel olaraq, tikinti-quraşdırma işləri də təmin edilib.
Ümumiyyətlə, metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Burada qazıntı əvvəlki iki stansiyada olduğu kimi “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, tikinti sahəsi divarları bentonit məhlulu ilə möhkəmləndirilmış ensiz və dərin xəndəklərlə əhatə edilir. Qazıntı və tikinti-quraşdırma yuxarıdan aşağıya olmaqla yerinə yetirilir.
Üsulun üstünlükləri sırasında ekoloji cəhətdən daha səmərəli olması və yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu qeyd edilə bilər. Həmçinin “Qruntda divar” inşaatın məhdud məkanda effektiv aparılmasına imkan verir, material və işçi qüvvəsi baxımından qənaətcil, istifadə olunan konstruksiyaları daha etibarlıdır. Yaşayış sahələrində dərin özüllü yeraltı qurğuların tikintisində bu üsul ərtaf binalar üçün heç bir təhlükə yaratmır.
İnşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04” stansiyası 4 səviyyədən ibarətdir. Dəmir-beton işləri sonuncu - dördüncü səviyyədə davam edir. Sərnişinlərin stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı - birinci mərtəbədə olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək. Amma bu arada daha 2 səviyyə var. Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan Sarı xəttin 6-cı stansiyasına keçid inşa olunacaq. 3-cü səviyyəyə “orta” mənasını verən “mezonin” deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, 4 havalandırma kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada yerləşdiriləcək.
Hər 3 səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə 4 sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb. Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən sonra işlərə başlanılacaq.
Stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib. Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə yetiriləcək.
Əsas işlər ərazinin relyefindən asılı olaraq, 29-31 metr dərinlikdə yerləşən 4-cü səviyyədə gedir. Sərnişin platformasının və digər əsas konstruksiyaların armatur-beton işləri başa çatdırılıb. Məhz bu səviyyədə gözlənildiyi kimi inşaatçılar hidrogeoloji sürprizlərlə qarşılaşıblar. Sızıntı halında olan yeraltı su mənbəyində axıntının sürəti və həcmi qəfildən yüksəlib. Yaranmış vəziyyətin aradan qaldırılması bacarıqlı və təcrübəli mütəxəssislər sayəsində mümkün olub. Nəticədə, yeraltı süxurların şıltaqlığının qarşısı uğurla alınıb. Yeraltı suların hərəkəti tam nəzarət altındadır. Tikinti sahəsinə daxil olan sular platformaaltı sahədən də 7 metr dərinlikdə inşa edilmiş xüsusi su anbarına - zumpfa yönləndirilir. Oradan təmizləyici qurğuya ötürülərək, gildən, torpaqdan təmizləndikdən sonra kanalizasiya sisteminə vurulur. Ümumiyyətlə, stansiya ərazisində qrunt sularının həcmi çox olduğundan 3 su anbarı tikilib.
167,6 m uzunluqda 4-cü səviyyənin döşəmə səthi betonlanıb və sərnişin platforması tikilib. Yeddivaqonlu qatarların qəbul ediləcəyi platformanın və həmin hissənin uzunluğu 144 m olacaq. Yol novlarının betonlanması da bu işlərə paralel olaraq aparılır. Burada izolyasiya məqsədilə membrandan istifadə edilib.
Stansiya boyunca dəmir yolu xəttinin çəkilməsi üçün səthin normativ hədlərdə betonlanması da yekunlaşdırılıb. Qeyd edək ki, burada da “Bakı Metropoliteni” QSC-nin özünün istehsalı olan dəmir-beton bloklardan istifadə olunacaq. Ümumən “Qruntda divar” üsulunun texnoloji tələbinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel stansiyada tikinti işləri başlanılana qədər yekunlaşıb. “Xocəsən-Avtovağzal” və “Memar Əcəmi-8 Noyabr” mənzillərində olduğu kimi burada da bütün yollar dəmir-beton bloklar üzərindədir. Bu isə ağac şpalın alınması, gətirilməsi, gömrük xərclərinə çəkilən xərclər, qiymət fərqi, ən əsası isə istismar müddəti, istifadə və qulluq rahatlığı, asanlığı baxımından çox sərfəlidir.
Yolun inşası başa çatdıqdan sonra bütün tunel boyunca qatarların hərəkətini təmin edən sistemlərin və yol infrastrukturu üzrə işlərin növbəti mərhələsinə başlanılacaq.
Stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.