Azərbaycan və Dünya Bankı Azərbaycan qazının Avropaya çatdırıldığı Cənub Qaz Dəhlizinin genişləndirilməsini müzakirə edib. Məsələ ilə bağlı danışıqları Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının regional direktoru aparıb. Görünən odur tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsinin Dünya Bankı tərəfindən maliyyələşdirilməsi imkanlarını müzakirə ediblər.
Azadmedia.az xatırladır ki, 2022-ci ilin iyulunda Bakıda Azərbaycan və Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə - ildə 20 milyard kubmetrədək artırmağı planlaşdırır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan Respublikası özünün “mavi yanacaq” verdiyi ölkələrin sayını 10-a çatdırmaq niyyətindədir. Bunlardan 8-i Avropadır. 2022-ci ilin oktyabrında Əliyev Sofiyada qaz interkonnektorunun işə salınmasına həsr olunmuş mərasimdə bildirib ki, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərindən ibarət Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə tərəfdaşlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı, rəsmi Bakı diqqəti ona yönəldib ki, Azərbaycan Avropaya təbii qaz ixracını yalnız öz boru kəməri sisteminə sərmayə qoyaraq, yanacağın alınması ilə bağlı uzunmüddətli müqavilələr bağladığı halda ikiqat artıra biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.