Dərnəgüldəki taxta bazarındakı yanğın çox sayda ticarət obyekti ilə yanaşı ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini də tamamilə sıradan çıxarıb.
Nazirlər Kabinetinin tələblərinə görə, sıradan çıxan elektrik xətti ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi. Amma, aidiyyatı qurumlar bu tələbə riayyət etməyib. Nəticədə elektrik xəttinin sıradan çıxması ölkənin ən böyük metallurgiya şirkəti “Baku Steel Company”-nin də 4 gündür fəaliyyətini dayandırmasına səbəb olub.
Hökumətə yaxın media orqanının (report) bu mövzu ilə bağlı yazısından belə görünür ki, iş-işdən keçəndən sonra aidiyyatı qurumlar bu faktı xatırlayıb:
“Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.
“Dərnəgül yanğını” təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir.
Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Bu miqyasda müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir.
“Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?!
Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir”.
Məqalə Çəpəki teleqram kanalından götürülüb