Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Kaşkadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalına başlamaq niyyətindədir. Bu barədə Özbəkistan KİV məlumat yayıb.
Layihə çərçivəsində Özbəkistanda hazırda xaricdən gətirilən kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması planlaşdırılır.
Həmçinin quyuların təmiri (WORC) və yataqların işlənməsi üçün avadanlığın inkişafı, eləcə də quyuların qazılmasında istifadə olunan qazma və sementləmə məhlullarının saxlanması və paylanması üçün xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Bildirilir ki, “Özbəkneftqaz” şirkəti və SOCAR-ın “Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutunun ekspert qrupları layihənin ilkin biznes planının hazırlanmasını müzakirə ediblər.
Bundan əlavə, “Özbəkneftqaz”ın işçi qrupu qazma və sement məhlulları üzrə beynəlxalq sertifikat əsasında akkreditə olunmuş sınaq laboratoriyalarının fəaliyyəti ilə tanış olub.
“Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutu Özbəkistanda qazma və sement məhlullarını öyrənmək üçün sınaq laboratoriyası yaratmağı planlaşdırır.
Danışıqlardan sonra birgə işçi qrupunun üzvləri layihənin növbəti mərhələləri ilə bağlı məsələlər üzrə də razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.