“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri çərçivəsində ASCO-nun korrupsiya ilə mübarizə qaydalarını özündə əks etdirən videoçarx hazırlanıb.
Videoçarxda korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə ətraflı məlumat verilib.
Videoda qeyd olunur ki, ASCO yarandığı dövrdən fəaliyyətini Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə qəbul edilmiş qərarlara uyğun təşkil edib. Bununla bağlı 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə Korrupsiya ilə Mübarizəyə dair Təlimat” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinə və daxili araşdırmaların aparılmasına dair Təlimat” təsdiq olunub. Hüquq pozuntuları haqqında məlumatları vaxtında əldə etməklə qarşısının alınmasını təmin etmək məqsədilə “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb. Həmçinin 2015-ci ildə ASCO daxilində və qarşı tərəflərlə münasibətlərdə davranış normalarını, habelə biznes fəaliyyətinin təşkilində etika prinsiplərini müəyyənləşdirən, ASCO-nun fəaliyyətində şəffaflığın təminini əks etdirən “Biznes Etikası Məcəlləsi” təsdiqlənib.
Bundan başqa, 2021-ci ildən ASCO-da ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tətbiqinə qərar verilib. Bu məqsədlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Qaydaları” təsdiqlənib. Bununla, ASCO daxilində ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartına uyğun olaraq korrupsiyaya qarşı mübarizə üzrə menecment sisteminin yaradılması, tətbiqi, fəaliyyət göstərməsi ilə bağlı zəruri prosedurlar və nəzarət tədbirləri, habelə onların işlək vəziyyətdə saxlanması qaydaları müəyyənləşdirilib.
2022-ci ildə ASCO Böyük Britaniyanın LRQA (Lloyd's Register) beynəlxalq təsnifat cəmiyyətinin audit xidməti tərəfindən həyata keçirilən yoxlamalarının nəticəsinə əsasən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
Qeyd edək ki, 4 aprel 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqlənib. Məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.