“Fərdi yaşayış evi alan zaman mütləq şəkildə əmlakın çıxarışının olması ilə bağlı məlumat əldə etmək lazımdır. Belə evləri yalnız notarial qayda ilə almaq təhlükəsizdir. Çünki əmlakın yüklü olub-olmaması, birgə nikah dövründə əldə edilməsini və digər problemləri öyrənmək üçün notarial qaydada alqı-satqıya müraciət etmək lazımdır. Bu çox önəmli məqamdır”.
Bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert ev alan zaman diqqət edilməsi vacib olan nüansları açıqlayıb:
“Təəssüflər olsun ki, bugün yeni tikililərdə satış qaydaları o qədər də mütərəqqi deyil. Qanunvericilikdə yeni tikililərdə mənzil satılarkən ilkin qeydiyyat arayışının təqdim olunması təminat olsa da, məlum tikinti korporativlərinin əksəriyyəti bu sənədi vermir yaxud verə bilmir. Bu mənada hesab edirəm ki, yeni tikililərdə mənzil alqı-satqısı bir qədər problemdir. Nağdsız alqı-satqılar zamanı əlavə dəyər vergisinin müəyyən hissəsini geri qaytarılması ilə bağlı qərarın da qəbulu bu işi bir qədər mürəkkəbləşdirir.
Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmasına ehtiyac var. Təbii ki, respublika prokurorluğu bu illər ərzində oxşar tələyə düşən 5 mindən artıq vətəndaşın mövcud vəziyyətini əsas götürərək əhaliyə məsələ ilə bağlı müraciətlər edir. Amma biz digər istiqamətlərə də nəzər salmalıyıq ki, orada da mövcud qanunvericiliyimiz bu istiqamətdə alqı-satqı əməliyyatlarının aparılmasına imkan verir? Alternativ yollarımızın nədən ibarət olduğu barədə də düşünməliyik”.
Əmlak mütəxəssisi vətəndaşları ayıq-sayıq olmağa səsləyib:
“Vəziyyətin belə olmağı mövcud problemlə bağlı nə isə deməyə imkan vermir. Vətəndaşlar sadəcə diqqətli olmalıdırlar. Çünki burada çoxlu problemli məqamlar var. Çıxarışı olmayan həyət evlərinin alınması təhlükəlidir. Həmin evin kimə məxsus olduğu müəmmalı məsələdir. Eyni zamanda bəzən sənədsiz evi satan şəxsin həyat yoldaşının razılığı olmadıqda problemlər yaranır. Bu nüanslara həssas yanaşmaq lazımdır. Çoxmərtəbəli binalardan ev almaq isə daha qəliz prosesdir. Ona görə də, seçilən tikinti şirkətinin bazarda müəyyən nüfuzu və etibarı olsun. Bu məqam aldanma riskini olduqca azaldır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.