AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planı təsdiq edildi

  • + A
  • - A
  • 2-01-2024, 13:05

    Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planı təsdiq edildi

    Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli Qərarı ilə təsdiq edilib.
    Şəhərin Baş Plan layihəsi Komitənin sifarişi ilə Almaniyanın beynəlxalq şəhərsalma şirkəti olan "AS+P Albert Speer + Partner GmbH” tərəfindən hazırlanıb. Baş Planın hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “EY” və “Ramboll UK” konsaltinq şirkətləri cəlb edilib.
    Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

    Bakının Baş Planı 4 prioritet hədəfə əsaslanır:
    - şəhərin dayanıqlı inkişafı;
    - şəhər və ətraf mühitin regenerasiyası;
    - şəhərin memarlıq siması və tarixi irsə qayğı;
    - yeni şəhər iqtisadiyyatı.

    Layihənin əsas məqsədi hazırda vahid mərkəzli aqlomerasiya olan Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi, paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.
    Baş plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb:
    - əsas şəhər mərkəzi;
    - regional mərkəzlər;
    - alt-mərkəzlər.

    Bakının Mərkəzi Planlaşdırma Rayonunun (1 031,4 ha) yaradılmasında məqsəd təklif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin edilməsidir. Mərkəzi Planlaşdırma Rayonunun Xüsusi mühafizə zonası (425 ha) tarixən formalaşmış planlama sxeminə malik, cəmləşmiş memarlıq və tarixi abidələrin yerləşdiyi, habelə əhalinin daha çox istirahət, əyləncə və xidmət məkanı kimi istifadə etdiyi ərazidir. Xüsusi mühafizə zonası Mərkəzi Planlaşdırma Rayonunun əsasını təşkil edən mühüm planlaşdırma elementidir.

    Mobillik: Avtomobilləşmə sürətinin artması, eləcə də artan əhalinin nəqliyyata tələbatının artması və yaranan nəqliyyat problemləri paytaxtın nəqliyyat sisteminə yeni yanaşmanı zəruri etdi. Bu problemlərin həllinə nail olmaq üçün Baş Plan bu əsas nəqliyyat tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur:
    - metro şəbəkəsinin inkişafı;
    - dəmir yolu şəbəkəsinin inkişafı;
    - küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və genişləndirilməsi;
    - ictimai nəqliyyat marşrutlarının təkmilləşdirilməsi və genişləndirilməsi;
    - velosiped şəbəkəsinin tətbiqi və inkişafı;
    - mübadilə qovşaqlarının tətbiqi və inkişafı.

    Ətraf mühit və yaşıl ərazilər: Ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi keçmiş sənaye dövrünün mirasıdır. Dərin təhlil əsasında Bakının Baş Planında göllər və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib.
    “Hibrid Yaşıl Dəhlizlər” Baş Planının əsas konseptual sütunlarıdır və müxtəlif funksiyaları özündə birləşdirir: şəhərdə havanın keyfiyyətinin və mikroiqliminin yaxşılaşdırılması; piyadalar üçün küçə mühitini yaxşılaşdırmaqla şəhərin müxtəlif hissələrini birləşdirərək piyada gəzintini və velosiped istifadəsini təşviq etmək; yaşıllıqların genişləndirilməsi və əlavə “yaşıl” istirahət zonalarının yaradılması.
    Davamlı şəhər infrastrukturu: Baş Plan şəhərin əsas mühəndis-kommunikasiya təminatı şəbəkələrini, o cümlədən su və qaz təchizatı, elektrik təchizatı və telekommunikasiya sistemlərini genişləndirməyi və müasirləşdirməyi nəzərdə tutur.

    Prioritet fəaliyyətlər: Baş Planda icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir. Baş Planın icrasına hər bir strateji layihəyə rəhbərlik edən əsas maraqlı tərəflərin cəlb edilməsinə əsaslanan kompleks yanaşma ilə başlamaq vacibdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR