Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri yanvarın 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə Fuad Nağıyev 2024-cü il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib.
Cənab səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb.
Görüş çərçivəsində Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında fikir mübadiləsi aparılıb.
Yanvarın 15-də Fuad Nağıyev, həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib.
Qəbulda ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.
Agentlik sədri Fuad Nağıyevin Tacikistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşündə iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.