Yanvarın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. O, bildirib ki, ötən sessiya ərzində komitə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb.
Qeyd olunub ki, hesabat dövründə komitənin 48 iclası keçirilib, 94 məsələ, o cümlədən 38 qanun layihəsi müzakirə edilib. Komitənin iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Bildirilib ki, ötən müddətdə komitədə bəzi mövcud qanunlarda edilən dəyişikliklərə, habelə yeni Rəqabət Məcəlləsinə, “Aviasiya haqqında”, “Dövlət ehtiyatları haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunlara baxılıb. Bununla yanaşı, sessiya ərzində 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub və plenar iclasa təqdim olunaraq qəbul edilib. Bu müddətdə komitədə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda dinləmələr təşkil olunub, bir sıra görüşlər keçirilib.
Diqqətə çatdırılıb ki, payız sessiyasında mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların ərizə və şikayətlərində qaldırılan məsələlərin həlli ilə bağlı lazımi addımlar atılıb. Ötən sessiyada komitəyə 58 ərizə, şikayət və müraciət daxil olub və tədbir gorülməsi üçün aidiyyəti qurumlara göndərilib. Komitəyə daxil olan ərizələrdə iqtisadi və sosial problemlərlə bağlı məsələlərə toxunulur, bəzi təkliflər verilir.
Komitənin 2023-cü il payız sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.