Azərbaycan və Qazaxıstan birgə investisiya fondu yaradacaq. KİV xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 20-ci iclası zamanı deyib.
İclasda Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov rəhbərlik edib.
“Gələcəkdə “Samruk-Kazyna” Milli Rifah Fondu SC və Azərbaycan investisiya holdinqi arasında yaradılan Qazaxıstan-Azərbaycan investisiya fondu hesabına maliyyələşdirilə biləcək mühüm infrastruktur layihələri planlaşdırılır. Bu investisiya fondunun məqsədlərindən biri də ölkələrimizin liman infrastrukturunun inkişafı olacaq”, - nazir bildirib.
Ümumilikdə komissiyanın iclası zamanı ticarət, nəqliyyat, enerji, rəqəmsallaşma, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və turizm sahələrində məsələlər müzakirə edilib.
Qeyd edək ki, Qazaxıstanın statistikasına əsasən, 2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 529,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə (463,3 milyon dollar) ticarət dövriyyəsinin həcmi 14,2 faiz artıb.
Eyni zamanda, ticarət dövriyyəsinin strukturunda bu dövrdə Azərbaycana ixrac 456,3 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 21,6 faiz çoxdur.
Bundan əlavə, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan idxal 17,3 faiz azalaraq 73 milyon dollar təşkil edib. 2022-ci ildə idxal 88,3 milyon dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.