Azərbaycan və Qazaxıstan Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri ilə nəqlinin mərhələli şəkildə artırılmasını müzakirə ediblər. Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində nazir Pərviz Şahbazovla Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev arasında keçirilən görüşdə müzakirələr aparılıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişafında enerji əməkdaşlığının mühüm rolunu qeyd ediblər. Bildirilib ki, karbohidrogen sektoru ilə yanaşı, bərpa olunan enerji sahəsində enerji əlaqələrinin genişləndirilməsi hökumətlərarası komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən biridir.
Görüş iştirakçıları Qazaxıstan neftinin Azərbaycan ərazisindən çoxistiqamətli tranziti üçün praktiki addımların atılması, BTC ilə illik 1,5 milyon ton neftin nəqli haqqında sazişin həyata keçirilməsi və nəqletmə həcmlərinin tədricən artırılması istiqamətində SOCAR və “KazMunayQaz” arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
Enerji sektorunda strateji tərəfdaşlıq haqqında Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.