SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşma işləri ilə paralel olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, torpaq üzərinə düşən qaz xətlərinin dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi işləri davam etdirilir. Görülən işlərin davamı olaraq Sabirabad rayonunda şəhid Elşən Qasımovun adına olan küçədə istismar müddəti başa çatan qaz xətləri yenilənir. 1527 metr uzunluğunda diametri 76 mm olan polad borular vasitəsi ilə çəkilən küçə qaz xətti hazır olduqdan sonra 65-dək abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlılıq və fasiləsizlik təmin ediləcək. Saatlı rayonunun Qazanbatan kəndində isə yeraltı keçidlərin yerüstü keçidlərlə əvəzlənməsi işləri həyata keçirilir. Belə ki, bəzi yeraltı qaz xətlərində baş verən sızma hallarının qarşısının alınması məqsədi ilə korroziyaya uğrayan xətlər yeniləri ilə əvəzlənir. Görüləcək işlərin başa çatması üçün 300 metr uzunluğunda diametri 108 mm olan qaz xətti yenisi ilə əvəzlənəcək.