Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun keçirdiyi Yaz Toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası keçirilib. İclas Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (istixana effekti yaradan qazların azaldılması üzrə dünya ölkələri tərəfindən götürülmüş öhdəliklər) həyata keçirilməsi üçün tələb olunan maliyyələşmə ehtiyacları və bu ehtiyacların təmin edilməsinin səmərəli təşkilinə həsr edilib. İclasda Koalisiyaya üzv ölkələrin maliyyə nazirləri ilə yanaşı, BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Acay Banqa da iştirak edib.
Cari ilin aprel ayında Koalisiyaya müşahidəçi qismində qoşulmuş Azərbaycan Respublikasını sözügedən iclasda maliyyə naziri Samir Şərifov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev təmsil edib. M.Babayev iclasda çıxış edərək iqlim məqsədlərinin həyata keçirilməsində aktiv iştirakına görə Koalisiyaya təşəkkür edib və Koalisiya üzvlərini iddialı və ədalətli iqlim maliyyəsi məqsədini təmin edən uğurlu COP29-un həyata keçirilməsində əməkdaşlığa çağırıb.
Hazırda 92 ölkəni üzv kimi birləşdirən İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası iqlim dəyişikliyi ilə bağlı tədbirlərin sürətləndirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi məqsədilə 2018-ci ildə İndoneziyada keçirilmiş BVF və Dünya Bankının İllik Toplantısı zamanı yaradılmışdır. Koalisiyanın Katibliyi Dünya Bankının Vaşinqtondakı mənzil qərargahında yerləşir və Dünya Bankı və BVF tərəfindən birgə idarə olunur. Koalisiyanın fəaliyyəti BVF, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Afrika İnkişaf Bankı Qrupu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla 26 institusional tərəfdaş tərəfindən dəstəklənir.
Koalisiyanın həmsədrləri olan Niderland Krallığı və İndoneziyanın maliyyə nazirlikləri tərəfindən Azərbaycanın da Koalisiyaya qoşulması ilə bağlı dəvət məktubu göndərilib. COP29-a ev sahibliyi edən Azərbaycan Koalisiya ilə fəal əməkdaşlıq etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.