AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın maliyyə naziri BVF və DB-nin Yaz Toplantısında iştirak edib, ikitərəfli görüşlər keçirib

  • + A
  • - A
  • 20-04-2024, 21:57

    Azərbaycanın maliyyə naziri BVF və DB-nin Yaz Toplantısında iştirak edib, ikitərəfli görüşlər keçirib
    Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə iştirak edib.
    Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Antonella Bassaninin sədrliyi ilə keçən görüşdə Dünya Bankının, Avropa Komissiyasının və ABŞ Dövlət Departamentinin nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyənin hökumət nümayəndələri iştirak edib.
    Tədbirdə Dünya Bankı tərəfindən aparılmış təhlilə əsasən Orta Dəhlizin reallaşdırılmasının mümkün olduğu bildirilib və onun əsasən Çin və Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Daha sonra dəhlizin nəqliyyat-tranzit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı Dünya Bankının təklifləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin nəqliyyat və infrastruktur naziri, Qazaxıstan Mərkəzi Bankının sədri, Gürcüstan və Ermənistanın maliyyə nazirləri çıxış edərək Orta Dəhlizin imkanlarından və əhəmiyyətindən danışıblar.
    Tədbirdə Azərbaycanı təmsil edən Samir Şərifov Azərbaycanın Orta Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğulayaraq son illərdə ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, ticarət və logistika potensialının genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb. Nazir bildirib ki, Dünya Bankının təqdimatında da qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də ölkədə nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən digər işləri qeyd edib. Nazir Zəngəzur dəhlizinin də Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcəyini bildirib. Sonda Samir Şərifov Azərbaycanın Orta Dəhlizin fəal və vacib tərəfdaşı olmağa davam edəcəyini qeyd edib.
    Bununla yanaşı, maliyyə naziri Samir Şərifov Azərbaycan nümayəndə heyətinin BVF-nin sərəncamçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşündə iştirak edib, həmçinin Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun, İqlim İnvestisiya Fondunun baş icraçı direktoru xanım Tariye Gbadagesin, Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri cənab Nikolay Podquzov və İsveçrənin Beynəlxalq Maliyyə üzrə Dövlət Katibi xanım Daniella Stoffel, Standard ənd Purs və Mudiz beynəlxalq kredit reytinq agentlikləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR