Keniya nümayəndə heyəti ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyində Keniya nümayəndə heyəti ilə iqtisadi əməkdaşlıq imkanlarına dair görüş keçirilib.
Görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2024-cü ilin Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini, ikitərəfli münasibətlərin inkişafını vurğulayıb, ötən il Nayrobidə ölkəmizin səfirliyinin fəaliyyətə başlamasını bu baxımdan mühüm addım kimi qiymətləndirib. Qeyd olunub ki, Keniya ilə iqtisadi-ticarət əməkdaşlığı da inkişaf edir. Ötən il Keniya ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 52% artıb.
Qarşılıqlı investisiya qoyuluşu üzrə potensialın reallaşdırılması böyük önəm kəsb edir. Bununla yanaşı, ikitərəfli ticarətin genişlənməsinə və səmərəli iqtisadi münasibətlərin qurulmasına xidmət edəcək biznes təşəbbüsləri, xüsusilə sənaye, enerji, mineral ehtiyatlar, İKT, qida, kənd təsərrüfatı, bankçılıq, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur.
Görüşdə Azərbaycanın iqtisadi nailiyyətləri, milli prioritetləri, sənaye zonaları, azad edilmiş ərazilərimizin iqtisadi potensialı, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib, keniyalı iş adamları fəal tərəfdaşlığa dəvət olunub.
Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maqua Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkələrimiz arasında texnologiyalar, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib.
Tədbirdə Azərbaycan Prezidentinin Cəbrail, Qubadlı və Zəngilan, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliklərinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Fondunun, Mənzil İnşaatı Dövlət Agentliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun, Kiçik və Orta Biznesin İnkişafı və İqtisadi Zonaların İnkişafı agentliklərinin, “AzerGold” QSC-nin təmsilçiləri təqdimatlarla çıxış ediblər. Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb, eləcə də Keniya nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.