Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi də Milli Məclisdə müzakirə edilib. Diqqətə çatdırılıb ki, layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir.
Sənəddə qeyd olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclərlə yanaşı birdəfəlik kompensasiya da ödəniləcək. Layihəyə əsasən, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi nəzərdə tutulur. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.