Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olan müraciətlər və istintaqı aparılmış cinayət işlərinin təhlili nəticəsində vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları sahəsində yol verilən xarakterik pozuntular mütəmadi olaraq öyrənilməklə korrupsiya risklərinin səbəbləri və aradan qaldırılma yolları araşdırılır.
Baş Prokurorluq tərəfindən bütün bu zərurətlər nəzərə alınmaqla korrupsiya risklərinə münasibətdə ən həssas istiqamətlərdən olan dövlət satınalmaları sahəsində hazırlanmış maarifləndirmə məlumatları ictimaiyyətin diqqətinə təqdim edilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:
- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;
- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;
- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.