Bakıda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr keçirilib, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib.
Tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov artıq 9-cu ildir ki, BMT üzvlərinin bəşəriyyətin transformasiyası üçün DİM-in reallaşdırılması üzərində işlədiyini və Azərbaycanın da insanların rifahına yönəldilmiş bütün təşəbbüslərdə yaxından iştirak etdiyini vurğulayıb. Bu il Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda ölkəmizin 4-cü Könüllü Milli Hesabatının təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, Azərbaycan hökuməti DİM məqsədlərinə və hədəflərinə nail olunması üzrə ardıcıl tədbirlər həyata keçirir, o cümlədən 5-ci DİM üzrə gender bərabərliyinin gücləndirilməsinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına böyük əhəmiyyət verir. Eyni zamanda, Azərbaycanın irəli sürdüyü mina təhlükəsizliyi təşəbbüsünün önəmi vurğulanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu davamlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və dialoqun qurulması baxımından mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirləri ilə qadınların iqtisadi fəallığının artırılması əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin 3 ayı ərzində qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilib və 1000-dən yuxarı yeni iş yerinin açılması imkanı yaradılıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 4-cü DİM Dialoqunun BMT və Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası arasında birgə əməkdaşlıq və Azərbaycanın iyul ayında təqdim edəcəyi Könüllü Milli Hesabat üzrə məsləhətləşmələr üçün platforma, həmçinin bilik mübadiləsi və qadınların iqtisadi səlahiyyətlərinin artırılması yolu ilə 5-ci DİM üzrə irəliləyişləri müzakirə etmək üçün yaxşı imkan olduğunu bildirib. BMT rəsmisi bugünkü görüşün DİM-lərə nail olunmasında tərəqqini sürətləndirmək və 2030-cu il gündəliyinə, eləcə də iqlim vədini yerinə yetirmək üçün birgə tədbirlərin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq nəticəsində DİM məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Qadın sahibkarların dəstəklənməsi, qadınların idarəetmə və qərarqəbuletmə prosesində təmsilçiliyinin, habelə onların maliyyə savadlılığının artırılması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edib. Məlumat verilib ki, ölkə üzrə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərin gördüyü işlər nəticəsində qadınlar topladıqları biliklərlə biznes fəaliyyətinə başlayıblar. Bununla belə, qadınların iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməli olduğu bildirilib.
BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sans Luke Azərbaycanı 4-cü Könüllü Milli Hesabatın hazırlanması münasibətilə təbrik edib. Gender bərabərliyinin bütövlükdə DİM-lərin irəli aparılmasında önəmli rol oynadığı nəzərə çatdırılıb. Belen Sans Luke Azərbaycan hökumətinin gender bərabərliyinin təmin edilməsi istiqamətində atdığı addımları, həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında qadınlara xüsusi önəm verilməsini alqışladığını qeyd edib.
BMT Baş katibinin köməkçisi Markos Neto Azərbaycanın 2050-ci ilə qədər karbon dioksid tullantılarının azaldılması üzrə öhdəlik götürdüyünü nəzərə çatdırıb, Azərbaycanın bu yolda daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib. BMT-nin COP29-la bağlı Azərbaycana öz dəstəyini verəcəyini bildirib.
Laos Xarici işlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin Baş direktoru Daovi Vonqsay dəvətə görə Azərbaycan hökumətinə təşəkkür edib. Bugünkü müzakirələrin DİM-ə nail olunması və Könüllü Milli Hesabatların hazırlanması üzrə Azərbaycanın təcrübəsindən faydalanmaq baxımından mühüm olduğunu vurğulayıb. DİM-lərin heç kəsin diqqətdən kənarda qalmaması baxımından əhəmiyyətli qlobal layihə olduğu qeyd edilib.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış: əsas məqamlar və mesajlar” mövzusunda təqdimatla çıxış edib.
Tədbir “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsində nailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları və qabaqcıl təcrübələrə dair baxış bucaqları” və “2030-cu ilədək Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmək üçün istiqamətlər” mövzusunda panel sessiyalarla işini davam etdirib.