Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,5 ABŞ dolları, yaxud 4,23 faiz azalaraq 79,25 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti ilk olaraq 60 ABŞ dollarından hesablanıb.
Lakin mayın sonlarında Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsində bir barel neftin qiymətinin daha 15 dollar artırılması nəzərdə tutulur. Məlumata görə, İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib. Görünən odur ki, neftin büdcə qiymətinin 75 dollardan götürüldüyü ərəfədə Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı enməyə başlayıb.
Yaranmış ucuzlaşma fonunda büdcəyə dəyişiklik edilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, mövcud durumda neftin müəyyən edilən büdcə qiymətinin dəyişdirilməsinə ehtiyac yoxdur:
“Azərbaycan neftinin qiyməti indi ucuzlaşaraq, 80 dollardan da aşağı düşməsinə rəğmən, bu tendensiya qısa müddətli olacaq. Çünki neftin qiymətinin uzunmüddətli, ilin sonuna qədər aşağı düşməsi ehtimalı çox azdır. Bu fonda da neftin qiymətilə bağlı büdcə dəyişikliyinə ehtiyac yoxdur.
Büdcə dəyişikliyinə qərar verəndə adətən bunu 6 aylıq müddəti proqnozlaşdıraraq edirlər. Bir günün içində qiymətin 80 dollardan aşağı düşməsilə büdcə qiymətinin dəyişdirilməsi və yaxud dəyişdirilməməsi gündəmdə olmur. Yəni bununla bağlı qərar adətən uzunmüddətli trend əsasında verilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.