2023-cü ilin dövlət büdcəsi hazırlanarkən səhmlərində dövlətin payının olduğu müəssisələrdən büdcəyə 321 milyon manatın dividend şəklində daxil olması proqnozlaşdırılmışdı. Lakin, yekun göstəricilərdən aydın olur ki, ötən il dövlət müəssisələri büdcəyə dividend şəklində cəmi 151 milyon manat ödəyib. Yəni, proqnozla müqayisədə 170 milyon manat və ya 53 faiz daha az.
Büdcəyə ödənilən dividentlərlə bağlı diqqət çəkən digər bir məqam da bu vəsaitlərin demək olar ki, hamısının sadəcə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsi ilə bağlıdır.
ABB ötən İl ərzində büdcəyə 150.9 milyon manat vəsait ödəyib. Yəni, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən ödənilən vəsaitin 99.9 faizi Azərbaycan Beynəlxalq Bankının payına düşür.
Büdcəyə dividend ödəməsi nəzərdə tutulsa da, ödəniş etməyən şirkətlər SOCAR, Azər-Türk Bank, Azərgold və Xəzər Dəniz Gəmiçiliyidir. Bir maraqlı məqam da odur ki, bu qurumların hamısı ili mənfəətlə bitirməsinə baxmayaraq dividend ödəməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.