Bu il COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyimiz turizm sektorunun əhəmiyyətini daha da artırır.
Bu baxımdan bütün tələblər cavab verərək, iddia etdikləri ulduz dərəcəsinə layiq olan, təqdim etdikləri xidmətlərin keyfiyyətini ən yüksək səviyyədə qoruyub saxlayan və daim təkmilləşdirməyə çalışan bütün hotellərə öz təşəkkürümü çatdırıram.
Azadmedia.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi tədbiri zamanı Agentliyin sədri Fuad Nağıyev bildirib. Sədrin sözlərinə görə Dövlət Turizm Agentliyi tərəfindən turizmdə dayanıqlılıq məsələlərinə xüsusi diqqət ayrılır:
"Ötən ilin sonundan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşıyıq.
Bu bizə həm də hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini əhatə edən “Hotellər üçün Dayanıqlı Əsaslar” üzrə proqrama üzv olmaq imkanı verir.
Bundan əlavə, bu il rəsmi olaraq Dövlət Turizm Agentliyi, həm də digər bir təşkilata - Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib və memorandum imzalanıb.
Bununla da dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə bu sahədə mövcud beynəlxalq meyarlarının tətbiqi nəzərdə tutulur.
Dayanıqlılıq məsələsinin hotellərin fəaliyyət istiqamətində öz əksini tapması vacib istiqamətdir.
Odur ki, sənayeni müasir çağırışlara cavab verməyə və bu istiqamətdə beynəlxalq təcrübəni tətbiq etməyə dəvət edirik".
Çıxışının sonunda F.Nağıyev bildirib ki, qarşıda duran əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir.
COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub.
Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi tədbirə tam hazırdır.