AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YADDAŞIMIN NUR HEYKƏLİ (esse)

  • + A
  • - A
  • 21-09-2021, 13:30


    Unudulmaz Mirzə Nəzir müəllimin xatirəsinə

    Ağac öz kökləri ilə torpağın qoynunda möhkəmləndiyi kimi, insan da yaxşı əməlləri ilə özündən sonra gələn nəsillərin yaddaşında yaşayır. Belə bir deyim var; İNSAN haqqında xatirələr yaşadıqca o insanın özü də yaşayır. Mirzə Nəzir müəllim (ona müasirləri belə müraciət edirdilər-N.Ə.) görkəmiylə birlikdə, yerişi, duruşu, danışığı ilə mənim yaddaşıma nur heykəli kimi əbədi həkk olub.
    Hər dəfə adı çəkiləndə, müəllim peşəsindən söz düşəndə onun işıqlı, nurlu siması gözlərim önündə canlanır...
    Mirzə Nəzir müəllim o klassik pedaqoqlardan idi ki, öz ziyası, nuru ilə təkcə dərs dediyi şagirdlərinin ömür yollarına deyil, mənsub olduğu elin-obanın, cəmiyyətin yoluna işıq saçırdı...
    Ötən əsrin 80-ci illərinin sonu olardı. “Çağırış” qəzetində çalışırdım. Pedaksiyadan mənə qocaman maarif xadimi Nəzirməmməd Məmmədəliyevdən (1896-1989) müsahibə almaq tapşırılmışdı. Yaşadığı ünvana yollandım. Mirzə Nəzir müəllim söhbət zamanı gözlərimin önündə təkcə pedaqoji fəaliyyətə başladığı 20-ci illərin deyil, 30-cu, 40-cı, 50-ci illərin Masallısının mənzərəsini canlandırdı.
    1932-ci ilin mayında rayonda nəşrə başlayan “Yeni həyat” qəzetinin cəmiyyətdə doğurduğu xoş əhval-ruhiyyədən maraqlı söhbətlər danışdı. 1924-cü ildə dərs dediyi tanınmış şagirdlərindən Hacıtəpəli Zəbi Quliyevin, Çaxırlı kəndindən olan Əlisa Mirzə Əhəd oğlunun, qarğalıqlı Qaraxan kişinin və başqalarının adlarını çəkdi. Zəbi Əhəd oğlu Quliyev Masallı rayonunun Gənclər Firqəsinin sədri, Gəncə şəhərinin və bir çox rayonların Partiya Komitəsinin birinci katibi işləmiş, Azərbaycan SSR Ali Sovetinin şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. Nəzirməmməd müəllimin Çünki 1937-1938 -ci illərdə repressiyaya qurbanı və İkinci Cahan savaşında ön cəbhədə həlak olmuş bacarıqlı, ən istedadlı şagirdlərini xatırlayarkən kövrəlməsi indiyədək yaddaşımdan silinməyib... Onun zahiri və daxili mədəniyyətində nəciblik, dürüstlük, sadəlik nümunəsi kimi əxlaqi keyfiyyətlərin şahidi oldum. Mən Mirzə Nəzir müəllimin nurani gözlərində bir müəllim ömründən minlərlə insanın taleyinə düşən işığı gördüm...
    Və etiraf edim ki, o zaman dediklərinin hamısını qələmə ala bilmədim.
    Sovetlər zamanı ateist bir cəmiyyət olmasina baxmayaraq müəllimlik müqəddəs bir peşə kimi qəbul olunmuşdu. O dönəmin, elə bizim də nəsillərin şahidi olduğu elə mərhələsi olub ki, müəllimlərə MƏLƏK kimi, ALLAH kimi baxmışıq…
    Çox təəssüf ki, illər ötüb keçdikcə, MÜƏLLİMLİK peşə müqəddəsliyini, müəllim isə ideal İNSAN, MƏLƏK statusunu itirməyə başladı. Rus ədəbi tənqidçisi V.Belinski təbirincə desək, tərbiyə böyük işdir, onunla insanın taleyi həll olunur...
    Məncə, Mirzə Nəzir müəllim kimi pedaqoqlar öz zamanında insanı kamilliyə çatdırmaq məqsədi güdən bu şərəfli sənətin əsl mahiyyətini başa düşürdülər. Ona görə də müəllim adının, nüfuzunun keşiyində məsuliyyətlə dayanırdılar.
    Müəllim - bu ad bizim çoxumuzu öz cazibəsində saxlayıb! Bu ad şəxsən bizim dövrün şagirdlərinə ata qədər, ana qədər dogma olub! Lap kiçik yaşlarımızdan qəlbimizdə hamıya tanış bir arzu olub: müəllimlərimizə oxşamaq!
    Mirzə Nəzir kimi müəllimlərin timsalında müəllimi günəşə, könüllərin bağbanına, xəyal-arzu astronomuna, qəlb memarına bənzətmişik. Həyatını dəyərli müəllimlik peşəsinə həsr edən belələri yaşlı nəslin nümayəndələri kimi öz təcrübəsini gənc nəslə veriblər.
    ...Mirzə Nəzir müəllim dünyasını dəyişəndən çox-çox sonra mən onun övladları ilə tanış oldum. Və onların hər birininin danışığında, davranışında o unudulmaz insanın nişanələrini gördüm.
    Dünyadan köçmüş müəllimlərin xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Mirzə Nəzir müəllimin xatirəsinə həsr olunmuş “Masallının ilk əməkdar müəllimi” kitabının öz övladları tərəfindən nəfis tərtibatla nəşrə hazırlanması mənim yadıma şair Əli Kərimin "İnsan dünyaya bənzər - Səfərdədir əbədi" misralarını saldı.
    ...Mənə elə gəlir Mirzə Nəzir müəllim də səfərdədir. Xatirəsi övladlarına, keçmiş şagirdlərinə mənən güc verir, qüvvə verir. Tanrıdan o əziz müəllimin, gözəl İNSANIN ruhuna həmişə şadlıq diləyirəm.

    P.S: 93 yaşında dünyasını dəyişən Mirzə Nəzir müəllimin övladları, nəvələri, nəticələri, kötücələri və iticələri bu gün onun mənəvi irsini, ailə dəyərlərini təkcə ölkəmizdə deyil, Avropa ölkələrində, Türkiyədə, Rusiyada da layiqincə davam etdirirlər. Almaniyada Azərbaycan Cəmiyyətinin öncüllərindən olan qızı Nazilə xanım Bəşirova milli bayramların, əlamətdar günlərin yüksək səviyyədə keçirilməsində, adət-ənələrimizin Vətəndən uzaqda yaşayan gənclərimizə aşılanmasında çoxşaxəli fəaliyyət göstərir. El şənliklərində milli geyimlərin və milli xörəklərin Nazilə xanımın təşəbbüsü və rəhbərliyi altında hazırlanması azərbaycanlı soydaşlarımız tərəfindən böyük qürur və rəğbət hssi ilə qarşılanır.

    Nurəddin ƏDİLOĞLU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR