Dünyaca məşhur “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Parisdə həbs edilməsi dünyanın bir nömrəli mövzusu olmaqla yanaşı, kəskin reaksiyalar doğurub.
Yenixeber.org: Birmənalı olaraq bu insident söz azadlığına növbəti hücum, dünya siyasətində ikili standartların təzahürü kimi qiymətləndirilib. Fransa artıq polis dövləti kimi xarakterizə edilir. Məsələn, yerli siyasətçilərdən “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot ölkəsinin tiran dövlətə çevrildiyini bəyan edib. “Biz özümüzü bu dəlilərdən azad etməliyik!" - sosial şəbəkələrdəki səhifələrində yazıb.
Mülahizə və ehtimallar isə çoxdur. Aparıcı blogerlər bu qənaətdədir ki, Durovun həbsinin arxasında ABŞ dayanıb və Fransa da tapşırığı ondan alıb. Belə ehtimal var ki, bu, kriptovalyuta bazarına təsir etmək cəhdi də ola bilər.
Rusiya artıq Fransaya Pavel Durovla əlaqə saxlamaq üçün konsulluq əlaqəsi tələb edən nota göndərib, lakin beşinci respublikanın hakimiyyəti onun Fransa vətəndaşlığını əsas vətəndaşlıq hesab edir. Rusiyanın Parisdəki səfirliyi öz “Telegram” kanalında “Fransa tərəfinin indiyə qədər bu məsələdə qarşılıqlı əlaqədən yayındığını” bildirib.
İstənilən halda, baş verən hadisə Qərb ölkələri, xüsusən də Fransa və onun himayəçisi olan ABŞ üçün utancverici haldır. Etirazlar isə artıq kütləvi hal alıb.
Assanc, Snouden, Durov...
Məsələn, Sankt-Peterburqda etirazçılar Pavel Durovun azadlığa buraxılması tələbi ilə Fransa Konsulluğu qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları messencer loqosuna bənzəyən kağız “təyyarələri” konsulluğun qapısına yapışdırıblar. Etiraz zamanı “Pavel Durova azadlıq”, “Assanc, Snouden, Durov” şüarları səsləndirilib.
ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden “Telegram”ın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb. "Durovun həbsi əsas insan hüquqlarına, söz və birləşmək azadlığına hücumdur. Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqıdır”, - deyə o qeyd edib.
Dünyaca məşhur milyarder "X" sosial şəbəkəsinin sahibi İlon Mask Pavel Durovun həbsinə münasibət bildirərək yazıb ki, 2030-cu ildə Avropada memləri layk edənləri də cəzalandıracaqlar.
Xatırladaq ki, Pavel Durov 10 oktyabr 1984-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. “Telegram” messencerin həmtəsisçisi və baş icraçı direktoru (CEO) olan Durov Fransa və Birləşmiş Ərəb Əmirliklərində sahibkar kimi fəaliyyət göstərir. Durov 2023-cü ildə 11,5 milyard dollar sərvəti ilə “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onun sərvəti əsasən “Telegram”a sahib olması ilə bağlıdır. Hazırda Durov “Forbes”ə görə 15,5 milyard dollar sərvəti ilə dünyanın 120-ci ən varlı adamıdır. 2022-ci ildə o, “Forbes” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin mühaciri kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən nüfuzlu sahibkarı adlandırıb. O, 2006-cı ildə Rusiyada məşhur olan “Vkontakte.ru” şəbəkəsini yaratdı. 2008-ci ildə 10 milyon istifadəçisi vardı. Elə həmin il o, rəqib “Odnoklassnik”i arxada qoydu.
Məşhur “Politico.eu” saytı yazır ki, onun həbsi Fransa Gömrük Departamentinə daxil olan Fırıldaqçılarla Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən həyata keçirilib.
Makronun şəxsi vendettası?
“Telegram”ın həmtəsisçisi Pavel Durovun Fransada saxlanılması dünyada hər kəsi şoka salmaqla yanaşı, həbsin səbəbləri ilə bağlı ən müxtəlif versiya və ehtimalların səslənməsinə səbəb olub. Pavel Durovun yaxın ətrafına daxil olan şəxslər bəyan ediblər ki, “Fransa hakimiyyət orqanlarının qərarından şoka düşüblər. Bu ölkənin prezidenti sadəcə dünya şöhrətli iş adamından qisas alıb. Bu, Makronun şəxsi vendettasıdır”. TF-1 telekanalının yaydığı məlumata görə, Yelisey sarayının "Telegram”a və Durova qarşı əsas iddiası mesencerdə şifrələnmiş xəbərlərlə bağlıdır. “İllər uzunudur ki, “Telegram” mütəşəkkil cinayətkarlıq üçün bir nömrəli platforma rolunu oynayıb”, - deyə məlumatda bildirilib.
Fransalı ekspert Jak Sapirin mövqeyi isə maraq doğurur. O, hesab edib ki, Pavel Durovun Parisdə saxlanması xarici investorların Fransaya olan inamını sarsıda bilər, lakin onların davranışı digər əsas bazar oyunçularının reaksiyasından asılı olacaq: “Belə bir addımın xarici investorları qorxutmayacağına gəlincə, məsələn, X-in rəhbəri İlon Maskın reaksiyasını izləməyə dəyər. Emmanuel Makron onu bir neçə dəfə qonaq edib, lakin Maskın sosial mediada açıq şəkildə Durovu dəstəklədiyi görünür. Yaxın həftələrdə onun davranışı potensial investorların münasibətinin göstəricisi ola bilər”. Onun fikrincə, Parisin "özbaşına hərəkətləri" digər böyük internet platformalarının rəhbərliyini ciddi narahat edə bilər, çünki Durov, medianın məlumatına görə, çox ciddi ittihamlarla üzləşir.
“İnzibati qaydaların pozulmasında ittiham olunmaq bir şeydir, iştirakçılıqda ittiham olunmaq başqa bir şeydir. Aydındır ki, bu, Fransanın nüfuzuna, xüsusən də onun siyasi reputasiyasına təsir edəcək, Fransanın Volter ölkəsi, söz azadlığı ölkəsi kimi imicinə tamamilə xələl gələcək”, - Sapir əlavə edib.
Susqun Qərb
Maraqlı olan odur ki, bu həbsə dünyanın aparıcı hüquq-müdafiə təşkilatları, o cümlədən media hələ də reaksiya verməyib. Bu da bir daha göstərir ki, həmin təşkilatlar və media sərt və ciddi nəzarət altıdadır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ikinci qlobal media forumu zamanı da buna toxunub.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda dövlət başçısı konkret nümunələr gətirməklə Qərbin ikili standartlardan bəhs edib. Bildirib ki, az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Onun sözlərinə görə, ölkələr kolonializmdən əziyyət çəkən xalqların probleminə göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar: “Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq”.
İndidən deyə bilərik ki, P.Durovla da bağlı adları çəkilən media orqanları Makronun tərəfində duracaqlar. Susqunluq nümayiş etdirənlər arasında Avropa İttifaqı da var və hələ də, üzvü olduğu dövlətin insan haqlarını kobud şəkildə pozmasına reaksiya göstərmir. ABŞ Dövlət Departamenti də o cümlədən. Hər halda belə bir hadisə Azərbaycanda baş versəydi, dərhal reaksiya verərdilər. Avropa Komissiyası “Telegram”ın təsisçisi Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirməkdən imtina edib və bunu "milli araşdırma" adlandırıb. "Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik, Fransa rəsmiləri ilə əlaqə saxlanılmalıdır", - təşkilatın mətbuat xidmətindən bildirib.
Beləliklə, məşhur iş adamının həbsi bir daha onu deməyə əsas verir ki, Qərb və onun kurasiyasında olan qurumlar üçün heç bir dəyər mövcud deyil. Onları söz və insan azadlıqları deyil, şəxsi mənafeləri düşündürür. Assanc, Snouden və indi də Durova qarşı həyata keçirilənlər bu qənaəti də bir daha möhkəmləndirir.(Report)