Prezident İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Q.M.Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilsin. *** İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. *** İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin (siyahı əlavə olunur) bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. *** İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: Araslı Nüşabə Həmid qızı Məmməd Tahirə Qəşəm qızı.