AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

EYNULLA FƏTULLAYEVİN ERMƏNİ VANDALİZMİNİ MÜDAFİƏ ETMƏSİ YOLVERİLMƏZ VƏ QƏBULEDİLMƏZDİR - ETİRAZ

  • + A
  • - A
  • 22-11-2018, 11:23

    EYNULLA FƏTULLAYEVİN ERMƏNİ VANDALİZMİNİ MÜDAFİƏ ETMƏSİ YOLVERİLMƏZ VƏ QƏBULEDİLMƏZDİR - ETİRAZ














    Mirkazım SEYİDOV: "Bu biabırçı hərəkət birbaşa milli maraqlara qarşı getmək və düşmənə xidmət deməkdir. Və əminəm ki, bu qatı cinayətə görə, o, tezliklə layiqli cəzasını alacaq"

    Rusiya Federasiyasında nüfuz sahibi olan soydaşımız Mirkazım Seyidovun Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, respublika prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi -- şöbə müdiri Əli Həsənova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə ünvanladığı və araz.az xəbər portalında bu günlərdə dərc edilmiş şikayət xarakterli müraciətində haqqın.az saytının rəhbəri Eynulla Fətullayev haqqında qeyd etdikləri ictimaiyyətin ciddi narazılığına səbəb olub. Bu səbəbdən, Azərbaycanda da, fəal ictimai-siyasi xadim, prinsipial yazıçı-publisist kimi tanınan, Rusiyanın Sibir və Yaxın Şərq regionlarında yaşayıb, fəaliyyət göstərən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasına rəhbərlik edən şikayətçinin bu ərizəsində göstərilən bir sıra məqamlara aydınlıq gətirmək üçün, onun özünə müraciət etdik. Sizi jurnalistlərə yaxın, onların hüquqlarının müdafiəçisi olan bir ictimai fəal, siyasət adamı kimi tanıyırlar. Lakin Eynulla Fətullayev barədə belə ciddi addım atıb, ölkə rəhbərindən onun cəzalandırılmasını qəti şəkildə tələb etməyiniz bir qədər başa düşülən olmadı. Bunun tam izahı, bizim kimi, ictimaiyyət üçün də maraqlı olardı...

    -- Mən, bunun əsl səbəbini, elə, müraciətimdə də göstərmişəm. Ərizəmdə öncə qeyd etmişəm ki, iki qonşu dövlətin ictimai-siyasi həyatlarına yaxından bələd olan bir şəxs kimi, soydaşlarımızın həmin ölkədəki diaspor təşkilatlarının dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomativi olması üçün, əlimdən gələni heç vaxt əsirgəməmişəm -- istər Azərbaycan, istərsə də Rusiya vətəndaşı olaraq, burada yaşayıb, müxtəlif sahələrdə fəaliyyət göstərən həmvətənlərimizin diaspor quruculuğunun inkişafı naminə yorulmadan çalışmışam. Onu da xüsusi vurğulamışam ki, dövlət siyasətində prioritet yer tutan, strateji cəhətdən xüsusi əhəmiyyətə malik diasporçuluq sahəsində nailiyyətlərin qazanılmasında zəhmətimin böyüklüyü danılmaz olduğundan, Azərbaycan prezidentinin sərəncamlarıyla dövlət mükafatlarına da layiq görülmüşəm, Lakin bütün bunlara baxmayaraq, xalqımıza düşmən kəsilən bədniyyət qüvvələr, paytaxt Bakıda fəaliyyət göstərən informasiya vasitələrinin əqidəsiz və məsləksiz rəhbərlərinin əliylə, mənə və mənim kimi həmyerlilərimizə qarşı iyrənc təbliğata start verərək, haqqımızda böhtan və yalanlar dolu yazıları Rusiya mətbuatına ötürürlər: Bu da, mənim kimi, bütün diaspor fəallarımızın da, haqlı narazılığımıza səbəb olur. Buna etiraz olaraq, mən, Azərbaycan mətbuatında kəskin xarakterli yazılar da vermişəm. Qəti şəkildə bildirmişəm ki, Rusiya kimi böyük bir federasiya ölkəsində nüfuz sahibi olan soydaşlarımıza, diaspor fəallarımıza qarşı Azərbaycan mətbuatında böhtan, şantaj, qarayaxmalar qəbuledilməz və yolverilməzdir. Bu, biabırçılıq, həm də "düşmən dəyirmanına su tökmək" deməkdir -- əl çəkin, bu biabırçı əməllərdən!
    Axı, burada, hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər bir soydaşımız öz fəallığı, xeyirxahlığı ilə, bütün ictimai-siyasi təşkilatların, dövlət qurumu rəhbərlərinin diqqətini həmişə özünə, rəhbərlik etdiyi təşkilata cəlb edir. Onlar bu yerlərin səlahiyyət və söz sahibləri yanında sözü keçən olurlar. Lakin barələrində mətbuatda yazılar dərc ediləndə, -- istər həqiqət olsun, istərsə qarayaxma, -- bu, onların nüfuzlarına ləkəyə çevrilir. Hamı bilir ki, Rusiya mətbuata həssas münasibət bəsləyən bir ölkədir. Mətbuat vasitələri onların əlindən düşmür. Bizdəki kimi deyil, jurnalistikaya inam var, yazılana inanırlar. Hətta xüsusi xidmət və təhlükəsizlik orqanları belə, yazılanlarla həmin an maraqlanırlar. Əsl həqiqət ortaya çıxanda isə, artıq gec olur. Bir də ki, rusiyalı qəzetçi yalan yazmaz. Yalanı bizimkilər yazıb, onlara ötürürlər. Ona görə, əl çəkmək lazımdır belə qarayaxmalardan! Heç olmasa, belə yalanlar uydurulanda, vicdan çərçivəsində hər şey düşünülməli, Vətən, xalq, millət mənafeyi göz önünə gətirilməlidir!
    Bax, mən bu dəyərləri göz önünə gətirmədiyi üçün, Eynulla Fətullayevin ciddi cəzalandırılmasını tələb etmişəm.
    Məni yandıran odur ki, "Erməni vandalizmi" əsərimə görə, o, məni Azərbaycan mətbuatında "tənqid edərək", bu qarayaxma və böhtanları hələ Rusiya mətbuatına da ötürür. Onun haqqımda haqqın.az adlı saytında dərc etdiyi həmin yazılarındakı başqa iftira, böhtan və yalanlar məni heç narahat etmir də. Məni narahat edən yalnız odur ki, ermənilər kimi, o da məni, "Erməni vandalizmi" əsərimə görə "vurub", yazısını rus mətbuatına ötürür. Erməniləri separatçı adlandırmağım səbəbindən, haqqın.az saytı məni bu yazısında "sərt tənqid edir". Guya ki, mən, bu əsərimlə separatçılıq edib, beynəlxalq normaları, qayda-qanunları ciddi şəkildə tapdalayaraq, millətlər arasında ədavət və düşmənçilik toxumu səpmişəm. Həmin yazı Rusiya mətbuatına ötürüldükdən dərhal sonra, xüsusi xidmət orqanları məni yenidən sorğu-suala tutdular, rahatlığım bir daha pozuldu.

    -- Mirkazım müəllim, "yenidən, bir daha" deyirsiniz. Bəyəm, bu kitabınıza görə, sizi nə vaxtsa incidən olubmu? Bu kitabınız barədə, az da olsa, məlumat verməyiniz maraqlı olardı.

    -- Öncə onu deyim ki, Rusiyanın təkcə mənim və yaxınlarımın yaşayıb, fəaliyyət göstərdiyimiz Novosibirsk vilayətində deyil, ayrı-ayrı bölgələrindəki çoxsaylı diaspor fəallarımız da, haqqın.az-da haqqımda yazılan bu məsuliyyətsiz fikirlərə ciddi reaksiya verdilər. Çünki haqqın.az-ın rəhbərliyi, bu yazısı ilə, ümumi mənada, anti-azərbaycan xarakteri nümayiş etdirib, dövlətçiliyimiz, milli mənafeyimiz, milli maraqlarımız əleyhinə bir addım ataraq, öz xalqına qarşı əsl xəyanət edib, qatı cinayət törədib. Mənsə, dövlətinə, xalqına, millətinə bağlı bir azərbaycanlı olaraq, onu heç cür bağışlaya bilmərəm. Onun bu hərəkətindən belə çıxır ki, bu günün özündə də, Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən "azərbaycanlıların” yaratdıqları "təşkilatlar” var. Onlar dövlətimizə qarşı olan düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımızın, dövlətimizin və mövcud hakimiyyətin mənafeyi naminə çalışan soydaşlarımızın əleyhinə iyrənc iftiralar, qarayaxmalar yağdırırlar.
    Məlum yazıdan sonra, apardığım araşdırmalar da bunu təsdiq etdi. Təəssüflə qeyd etmək istərdim ki, adı çəkilən xəbər saytının rəhbəri Eynulla Fətullayevin də, belə anti-azərbaycan mövqeli qüvvələrə xidmət etdiyi ortaya çıxdı. Onun Rusiyada fəaliyyət göstərən şantajçı dairələrin doğma Vətənimizdə ruporuna çevrilməsini anlamaq elə də çətin deyil. Dəqiq analizlə bunu tam surətdə də təsdiq etmək olur ki, Fətullayev və əlindəki media orqanları şantaj ruporu rolunda çıxış edir, mənim kimi, yüzlərlə həmyerlimizə qarşı da nifrət püskürür. İndi bizi daha çox o təəssüfləndirir ki, etdiyi olduqca pis əməlləri ucbatından bir vaxtlar uzunmüddətli həbslərdə yatmış belə bir insana, pis əməllərini davam etdirməsi üçün, bu gün də geniş fəaliyyət göstərməyə imkan verilir.
    O ki qaldı, sualınızın əsas məğzinə, bəli, mən, "Erməni vandalizmi" kitabıma görə, düz üç il Rusiyada fəaliyyət göstərən güclü erməni təşkilatları, onların təhriki ilə, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən "gözümçıxdıya salınıb", təxribatlarla üzləşmişəm. Nəinki mən, hətta Novosibirsk vilayətində yaşayan, böyük bizneslə məşğul olan yaxınlarım, burada üç dildə -- Azərbaycan, rus və ingilis dillərində çıxardığım kitabımı çap edən mətbəənin işçiləri də, olmazın təqib-təzyiqlərlə üzləşiblər. Mənim kimi, mətbəə işçiləri də, daxili işlər, təhlükəsizlik və xüsusi xidmət orqanlarında saatlarla, günlərlə sorğu-suallara tutulub, izahatlar vermişik. Yaxınlarımın vilayətdə hamının yaxşı tanıdığı ticarət obyektləri aylarla möhürlü qalıb, fəaliyyətinə imkan verməyib. Az qalıb ki, hamımiz deportasiya olunaq.
    Bəli, haqqın.az-da Eynulla Fətullayevin törətdiyi cinayət ona görə bağışlanmazdır ki, llər öncə belə xösagəlməz kampaniya və təxribatları, mənə və rəhbəri olduğum təşkilata qarşı, erməni daşnakları da həyata keçirib, üstəlik, nə yolla olursa-olsun məndən qisas almağa çalışıblar. Onu da deyim ki, onda erməni qəddarlığının bariz sübutu olan üç amansız təxribatın birinin nəticəsi mənim üçün daha dəhşətli oldu -- daşnak xislətli ermənilər mənə fiziki cəhətdən xəsarət yetirdilər, səhhətimdə ciddi problemlər yarandı. Hətta Novosibirsk şəhər xəstəxanasında ürəyimdən ağır cərrahiyyə əməliyyatı keçirdim, uzun zaman sağlamlğımın bərpası ilə məşğul olmaq məcburiyyətində qaldım.
    Mənə qarşı amansız erməni təxribatlarının başlıca səbəbi ondan ibarət idi ki, keçirdiyim bütün tədbirlərdə onların iç üzlərini açıb, ortaya qoyur, Qarabağ həqiqətlərini çoxmillətli Novosibirsk vilayətinə çatdırırdım. Mənim redaktorluğumla çapdan çıxan bütün qəzet və jurnallarda, eləcə də yazdığım bütün kitablarda erməni vandalizmini başlıca mövzu kimi daha çox qabardırdım. O vaxtlar qələmə alıb, nəşr etdirdiyim "Erməni vandalizmi" əsərim isə, sözün əsl mənasında, onlara "od vurmuşdu". Keçirdiyim tədbirlərdə həmin kitabın təqdimatını təşkil etməyim ermənilərin iyrənc əməl sahibi, qəddar xalq olduğunu Rusiyanın bu böyük vilayətinin çoxmillətli əhalisinə çatdırırdı. Elə, ağır bədən xəsarəti almağımın "səbəbkarı" da bu əsərim idi və uzun zaman sağlamlığımın bərpası mümkün olmadı.
    Mənə rahatlıq verən isə, yalnız o idi ki, az keçməmiş, Vətən, xalq sevgili milli diasporumuzun etibar və inam məkanına çevrilən bu regionda hara baxsan, doğma Azərbaycan izləri göründü. Nəticədə, Rusiyanın bu böyük regionunda mərkəzləşmiş ən nüfuzlu diaspor təşkilatımızı yarada bildik. Rəhbəri olduğum və mərkəzi ofisi Novosibirsk vilayətinin Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» Əməkdaşlıq Fondu isə, keçirdiyi möhtəşəm tədbirlərlə vilayətə səs saldı. Çox çəkmədi ki, Novosibirskdəki diaspor qurumlarımız yəhudilərin, ermənilərin, almanların, tatarların və ukraynalıların öndə gedən çox güclü diaspor təşkilatları ilə ayaqlaşa bildilər. Sonda, vilayətin mərkəzi hakimiyyəti belə, ən öndə gedən diaspor qurumlarından biri kimi, bizim təşkilatlarla da hesablaşmaq məcburiyyətində qaldılar. Məhz bundan sonra da, bu böyük region Vətən, xalq, el-oba sevgili milli diasporumuzun etibar və inam məkanına çevrildi.
    Nə vilayət qubernatoru, nə Qanunverici Məclisin sədri, nə də şəhər rəhbəri indiyədək bizim bir problemimizə, bir təklifimizə biganə qalmayıblar; Məhz, vilayət və şəhər rəhbərlərinin, üstəlik yerli sakinlərin soydaşlarımıza olan səmimi dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir ki, onlar regionun ictimai, sosial, iqtisadi, mədəni həyatı ilə bərabər, siyasi həyatının da fəal iştirakçılarıdır -- indi azərbaycanlılar arasında partiya, təşkilat fəalları çoxdur, üstəlik deputatlar da var.
    Sözün həqiqi mənasında, diasporumuz gördüyü möhtəşəm, böyük işlərlə vilayətə səs salıb. Yerli əhali indi bizimlə daha çox maraqlanır, alqışalayiq işlərimiz bizi nüfuz, hörmət-izzət sahibi edib. İndi, çətin ki, bu böyük vilayətdə doğma Azərbaycanımızı tanımayan kimsə tapıla, onun haqqında həqiqətləri bilməyən kimsə qala. Bu yerlərdə yaşayanlarla danışsanız, onlar arasında sorğu aparsanız, tam əminəm ki, diaspor təşkilatlarımızın fəaliyyətini xüsusi vurğulayacaqlar. Çünki birlik ideyalı bu təşkilatlar milli diaspor quruculuğu və onun inkişafı, habelə həmin vilayətin ictimai-siyasi, mədəni-iqtisadi tərəqqisi naminə faydalı işlər gördüýü üçün daim fərqləniblər. Ötən illər ərzində bu təşkilatların xətti ilə həyata keçirdiyimiz tədbirlər, gördüyümüz işlər, dövlət rəsmiləri ilə keçirdiyimiz görüşlər həmişə öz səmərəsini verib.

    -- Mirkazım müəllim, belə çıxır ki, siz Novosibirsk vilayətindəki həmyerlilərimizi ətrafında birləşdirən təşkilatların rəhbərisinz. "Birlik"dən başqa, "Həmrəylik" Fondunun rəhbəri də sizsiniz? Axı, haqqın.az-da gedən yazılar bunun tam əksini deyir. Siz sırf ticarət, biznes adamı kimi qələmə verilirsiniz. Bakıda isə, hansısa partiyanın rəhbərliyində olan bir şəxs kimi, burada da, alver etməyiniz göstərilir. Bu, nə dərəcədə doğrudur?

    -- Şikayət ərizəmdə də, bu barədə yazmışam. Onu da xatırlatmışam ki, hələ Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı durum zamanı, yəni burada yaşayan azərbaycanlıların yaratdıqları təşkilatlar qəbilə formasında, ayrı-ayrılıqda fəaliyyət göstərərkən, onlar arasındakı əlaqəsizlik və narazılıqlardan yerli separatçı qüvvələr böyük məharətlə istifadə edərkən, mən və ətrafımdakı həmyerlilərimiz, milli mənafe naminə hər cür təhlükəyə getməkdən belə çəkinməmişik: Heç də uzaq olmayan diaspor tariximizə nəzər saldıqda da, aydın görmək olur ki, milli ədavətlər məkanı olmuş gərgin durumlu çoxmillətli Novosibirsk vilayətində yaşayan azərbaycanlıların yaratdıqları qurumların yenidən təşkilatlanmasına çalışanların önündə gedənlərdən biri olmuşam. Şəxsi iddialar dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə birləşməyə imkan vermədiyi həmin gərgin vaxtlarda, Ulu Öndərin bu yöndə yürütdüyü vahid siyasəti özümə və ətrafımdakı soydaşlarıma prioritet seçərək, toparlanmağı, təcrübələrimizdən yararlanaraq, formalaşmağı bacarmış, yenicə müstəqilliyini əldə etmiş dövlətimizin vahid milli konsepsiyasına, ölkə rəhbərimizin yürütdüyü siyasətə, qanunlara xidmət etmişik.
    Onu da deyim ki, o gərgin dönəmlərdən başlayaraq, indiyədək, yaşayıb, fəaliyyət göstərdiyim bu böyük regionda, doğma Vətən və xalqımızın mənafeyi naminə yaddaqalan çoxsaylı tədbirlər keçirmişəm. Bu yaxınlarda Novosibirskdə yenə belə bir tədbir -- “Dostluq Körpüsü: Rusiya, Türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası Forum kecirdim. Keçirdiyim bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, həm mənim çoxdan rəhbərlik etdiyim və bu vilayətdə nüfuzu danılmaz olan Türkdilli və Slavyandilli Xalqlar Arasında "Sodrujestvo" Əməkdaşlıq Fondunun, həm Rusiya Yazıçılar Birliyinin Novosibirsk Regional Bölməsinin, həm də bu və ətraf regionlardakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutdu.
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr etdiyimiz bu Forumda Azərbaycan Respublikası Milli Məclisinin, Diasporlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Rusiyadakı səfirliyinin, eləcə də Rusiya Parlamentinin Yuxarı Palatasının, Federasiya Şurasının və Novosibirsk şəhər Meriyasının nümayəndələri, bu ölkənin 30-a yaxın bölgəsindəki diaspor təşkilatlarımızın rəhbərləri, tanınmış ictimai-siyasi fəallar, elm və incəsənət xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
    Üç gün davam edən bu Forum çərçivəsindəki çıxışlar, ayrı-ayrı görüşlər, keçirilən digər məclislər, AXC-yə, Ümummilli Lider Heydər Əliyevə və müasir Azərbaycanımıza həsr olunmuş sərgilər yaddaqalan oldu. Ümumiyyətlə, keçmiş sovetlər ittifaqının müxtəlif bölgələrindən və Azərbaycandan tədbirdə qonaq qismində iştirak edənlər, keçirdiyim bu tədbirin də möhtəşəmliyini xüsusi vurğuladılar.
    Onu da nəzərinizə çatdırım ki, tədbirdə iştirak edən 20-yə yaxın regionun diaspor təşkilaty rəhbərləri, həmin bölgələrdə yaşayan azərbaycanlıların hüquq və milli maraqlarına xidmət edəcək "Birlik" Regionlararası Konqreslər Assosiasiyasını yaratmaq təklifini irəli sürərək, bu qurumun təsis edilməsini qərara aldılar. Sənədləri hazırlandıqdan az sonra, "Birlik" aidiyyatı dövlət qurumlarında rəsmi qeydiyyatdan keçdi və təsisçiləri məni yekdilliklə quruma rəhbər seçdilər.
    Artıq "Birlik" rəsmən fəaliyyət göstərir və bu az müddətdə nüfuz qazanıb. Təşkilatın fəaliyyəti barəsində Rusiya Prezidentinə yazılı məlumat ünvanlayaraq, onun Ümumrusiya statusunda qeydiyyatdan keçməsinə razılıq verməsini ondan xahiş etmişik. Bu günlərdə Rusiya rəhbərinin, "Birlik" Assosiasiyasının mərkəzdə qeydiyyata alınması üçün, müvafiq dövlət orqanlarına rəsmi göstəriş verdiyi xəbərini almışıq. "Birlik"-ə ümumrusiya statusu verilməsi barədə ilkin razılıq xəbəri bizi olduqca sevindirsə də, aldığımız.digər bir xəbər bizi olduqca məyus edib. Bu bəd xəbər ondan ibarətdir ki, keçirdiyim möhtəşəm tədbir yenicə qurtararkən, "sapı özümüzdən olan baltalar", eynən o çətin dönəmlərdə olduğu kimi, mənim timsalımda, doğma Azərbaycanımızın maraqlarına xidmət edəcək belə bir qurumun nüfuzunu "baltalamağa", əleyhimə təbliğat aparmağa start verdilər.
    "Həmrəylik" isə, regionda yüksək imicə malik bir diaspor qurumu kimi, çoxdan fəaliyyət göstərir, gördüyü işlər, keçirdiyi möhtəşəm tədbirlər isə, daim yaddaqalan olub. Hamısı da, Vətən, xalq mövzuludur. Çünki Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır. Bu səbəbdən, diaspor fəallarımız hər fürsətdə ağrılı problemimiz olan Qarabağ həqiqətləri ətrafında öz işlərini qururlar. Onlar çoxşaxəli bütün fəaliyyətlərini daim mənfur düşmənin – erməni daşnaklarının vurulmasına yönəldir, güclü maddi-mənəvi dəstəklərini bu istiqamətlərə yönələn möhtəşəm işlərə sərf etməkdən rahatlıq tapırlar. Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq, bu yöndə canla-başla çalışıb, əlimizdən gələni əsirgəməmək bizim gundəlik əsas şüarımızdır.

    Novosibirskdəki diasporumuzun aktiv fəaliyyətinin və həyata keçirdiyi Azərbaycan mövzulu fundamental layihəli çoxsaylı tədbirlərin müsbət, ürəkaçan nəticəsidir ki, vilayətə üz tutan soydaşlarımız buraya adaptasiya olmaqda çətinlik çəkmir. Ona görə ki, həyata keçirdiyimiz bütün tədbirlər yalnız Vətən naminə, sırf insanlıq xatirinə olur: Talelərini bu yerlərlə bağlayan hər kəsin hər an diasporçularımızın yanında olmaları da bu səbəbdəndir. Hara getsək, azərbaycanlı olduğumuzu bilirik, yalnız özümüzü düşünmürük. Hamının qəlbində Vətənə sevgi, həmyerlisinə qayğı var. Vətənimizi layiqincə təmsil və təqdim etmək əsas borcumuzdur.
    Ölkəsindən çıxanların xaricdə müəyyən çətinlikləri ola, hər şey öz yoluyla getməyə bilər, amma insan özünə inanmalıdır – əsas odur ki, qarşına qoyduğun məqsəddən geri dönməyəsən. Mən də, əziyyətlə nail olduqlarımın bəhrəsini gördükdən sonra, sözün əsl mənasında, bunun ləzzətini almışam. Biz, xaricdə də Vətənimizin, Ulu Öndərin, möhtərəm prezidentimizin əsgərləriyik, burda da, Vətənə borcumuz nədirsə - ödəməliyik! Bütün soydaşlarımız bir yumruq kimi olsa, bizi heç nə yıxa bilməz, hər şey sıx birliyimizə bağlıdır. Buna sevinmək lazımdır. Lakin Rusiyadakı Azərbaycan diasporunun ən fallarından biri kimi, ölkə mətbuatında haqqımda gedən antimilli xarakterli belə yazılara görə, təəssüf hissləri keçirirəm. Haqqımda nələr uydurmurlar?! Belə yazıları oxumaq adamda məyusluq yaradır.
    Bir daha, özü də üstündən illər keçəndən sonra, yalan və məsuliyyətin nə demək olduğunu anlamadan, Bakıda, bir partiyadakı ağlasığmaz alver məsələsində mənim əlimin olduğunu bir daha yazmağın nə mənası?! Bu, sadəcə olaraq, özümüzün özümüzə qənim kəsilməmizin daha bir sübutudur. Bəli, mən Bakıda bir partiyanın rəhbərliyində olmuşam, indi də, Respublikaçılar Partiyasında sədrin birinci müaviniyəm. Lakin haqqımda bu barədə yazılanlar heç məni maraqlandırmır da. Məni narahat edən yalnız bu yazılardakı erməni düşmənlərimizə xidmət edən iyrənc mötivlərdir.
    Onu da deyim ki, həmin yazı çıxandan və Azərbaycana son səfərim zamanı, əlaqələrimi işə saldım. Araşdırmalarım məni dəhşətə gətirdi. Sən demə, bu boyda yalan və böhtanı, məni şantaj etmək üçün, adını təxmini müəyyən etdiyim bir həmyerlimiz düşünübmüş. Özü də, cirkin məqsədli, əqidəsiz, məsləksiz bir şəxsin əli ilə... Özü kimilərin qulluğunda durmaqdan da ləzzət alır. Belələri Vətən, xalq, millət, həmyerli, soydaş anlamının mənasını başa düşmürlər də. Belə qarayaxmalarla böyük bir vilayətin tanınmış iş diaspor rəhbərinin olduqca yüksək nüfuzuna kölgə salmaqdan sanki rahatlıq tapırlar.
    Özünüz deyin, mənim kimi bir adamın, -- guya, təmsilçisi olduğum təşkilatlar arasında münasibətləri gərginləşdirən arzuolunmaz bir şəxs olaraq, -- xarakterini, yazılarında, psixoloji film, əsər qəhrəmanı xarakteri ilə müqayisə etmək, əməllərimə film, əsər ruhu vermək nə dərəcədə düzgündür?! Sizcə, öz soydaşının bu cür yalanlarla şantaj edilməsi qəbulediləndir?! Nədən, bir azərbaycanlı öz soydaşı haqqında belə yalanlar uydurub, onu separatçı kimi qələmə versin?! Özü də, soydaşı yenə bir möhtəşəm tədbir keçirib, nüfuzlu bir diaspor qurumuna rəhbər seçiləndən sonra! Sizcə, onun bu iyrənc əməlləri, illər öncə ermənilər tərəfindən mənə qarşı olan təxribat əməllərinə bənzəmir?! Bütün bunlar, Rusiyada nüfuz sahibi olan digər soydaşlarımıza qarşı da, qarayaxma kampaniyasına artıq start verilməsinin daha bir ifadəsi deyilmi?!

    -- Mirkazım müəllim, qeyd etdiniz ki, haqqın.az-dakı məlum yazıdan sonra, Eynulla Fətullayev barədə araşdırmalar aparırsınız. Belə deyirsiniz ki, bu araşdırmalarınızdan sonra onun haqqında xoşagəlməz faktlar ortaya çıxarmısınız. Belə demək qanun çərçivəsində məsuliyyət tələb edir axı...

    -- Bəli, araşdırmalara start vermişəm. Həqiqətən də, onun haqqında xoş nəsə bir söz deyən tapmamışam. Hamı onu çətin, kritik bir adam kimi qələmə verir. Dəhşət ondadır ki, hətta jurnalistlər də, ondan ehtiyat edir, haqqında yaxşı nəsə demirlər.
    Mənim araşdırmalarım isə, bir daha sübut edir ki, o, vaxtaşırı Azərbaycanın yetəri qədər nüfuzlu simalarına qarşı qara piar maşınını işə salır. Birmənalı olaraq, Eynulla Fətullayevin dini, məzhəbi məlum olmayan siyasi dairələrin sifarişlərini yerinə yetirməsi təsdiqini tapır. Heç kəsə sirr deyil ki, o, dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevi, hər kəsin dərin hörmət bəslədiyi politoloq, millət vəkili Rasim Musabəyovu, Rusiyada əsl azərbaycanlı kimi çalışan Söyün Sadıqovu və digər bu kimi sayılıb, seçilən simaları da, müəyyən dairələrin sifarişi ilə, "vurub".
    Əldə etdiyim məlumatlara görə, Eynulla Fətullayev sifarişlərlə, kiminsə mətbuatda vurulması mexanizmini idarə edənlərdən biridir. Bunun müqabilində isə, böyük vəsaitlər əldə edir. Vaxtaşırı ölkə hüdudlarından kənarda ermənilərlə görüşlərdən belə çəkinmir. Hətta erməni ilə selfi çəkdirib, onunla bir masa arxasında çörək kəsməsini belə şəhidlərin ruhuna xəyanət olaraq, nümayiş etdirməkdən çəkinməyib. Belə bir insanın Azərbaycanın beynəlxalq jurnalistika sahəsində təmsilçisi kimi tanınması yolverilməzdir. Bu da, birmənalı olaraq, onun finans maşının yetəri qədər nüfuzlu biri olduğuna əsas verir.

    Bir müddət öncə, Eynulla Fətullayev, rəhbərliyi altında fəaliyyət göstərərn virtual.org saytında erməni də çalışdırıb. Bu isə, birmənalı olaraq, Azərbaycanın dövlət maraqlarına ziddir. Burada digər bir narahatedici məqam isə, ondan ibarətdir ki, bir erməniyə iş verən Eynulla Fətullayevin bu hərəkətinə mətbuat təşkilatları tərəfindən reaksiya da olmayıb. Onu da deyim ki, sonra həmin erməni Azərbaycanda mətbuat sahəsində əldə etdiyi informsiyalarla Ermənistana qayıdaraq, Azərbaycana qarşı fəaliyyət göstərməyə başlayıb. Eynulla Fətullayev isə, həmin məqamda arxa fonda qalmağı bacarıb. Bu məsələ, var olduğu halda, mətbuata sızmadan gözardı edilib.

    Narahatçılıq doğuran digər bir məsələ ondan ibarətdir ki, hal-hazırda Eynulla Fətullayev Rusiyadakı bir sıra anti-azərbaycan mövqeli şəxslər tərəfindən maliyyələşdirilir. Elə, həmin maliyyə bossları da, bir müddət əvvəl, millət vəkili Aqiyə Naxçivanlının vurulmasına göstəriş veriblər. Səbəb də budur ki, Aqiyə xanım parlamentdə məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı çıxış edibmiş. Rusiyadan aldığı maliyyə müqabilində, Aqiyə xanıma qarşı qara piari da, Azərbaycanda qara piyar maşını hesab edilən “haqqın.az” saytı həyata keçirib.

    Hesab edirəm ki, bu ciddi məsələlər Diaspor Komitəsini də yaxından maraqlandırmalıdır. Bir çox ziyalıların xaricdə belə iyrənc üsullarla nüfuzdan salınmasında istifadə olunan insanların fəaliyyəti məhdudlaşdırılmalıdır. Məncə, Diaspor Komitəsində beynəlxalq jurnalistlərlə bağlı bir qurumun yaradılması məsələsi artıq mütləqdir. Həmin qurumun təqdimatına uyğun olaraq, seçilən jurnalistlər, Azərbaycanı xaricdə təmsil etməlidirlər. Bu məsələyə, mütləq sürətdə, həm də parlament səviyyəsində baxılmalıdır. Yoxsa, Eynulla Fətullayev və onun kimilər belə qanqaraldıcı işlərindən əl çəkməyəcəklər.
    Onsuz da, mən araşdırmalarımı davam etdirirəm. Bu yaxınlarda Eynulla Fətullayevin iyrənc əməlləri barədə böyük bir araşdırma yazısı ilə mətbuatda çıxış edib, onun iç üzünü tam açaraq, göstərəcəm. Onda görəcəksiniz ki, Eynulla Fətullayev kimdir və onun milli maraqlarımıza vurduğu zərbə nə dərəcədədir.

    -- Mirkazım müəllim, sonda, bir daha şikayət ərizənizdə göstərdiyiniz ciddi məsələlərə qayıtmaq istərdik. Ola bilməzdi ki, bu məsələlərə öz aranızda aydınlıq gətirəydiniz? Onda, heç, yuxarılara müraciət etməyə də ehtiyac qalmazdı...

    -- Mən dedim axı! Bu yazı, birbaşa, düşmən mənafeyi naminə yazılıb. Burda mən xəyanət görürəm. Bu səbəbdən, Eynulla Fətullayev bağışlanmazdır. Yoxsa, mən, yazısına görə, jurnalisti "məşhər ayağına çəkməzdim". Elə,
    müraciətimin sonunda Rusiyadakı diaspor fəalları adından Azərbaycan prezidentindən xahiş etmişəm ki, xaricdə yaşayıb, fəaliyyət göstərən soydaşlarımızı belə üfunət qoxuyan yazılarla bitirə biləcəklərini düşünən qara piar təşkilatçılarının tezliklə susdurulmalaları üçün, aidiyyatı orqanların Eynulla Fətullayev haqqında layiqli cinayət işi açmalarına ciddi göstərişlər verib, bu vacib məsələni daim nəzarətində saxlasın. İnanıram və tam əminəm ki, Azərbaycana düşmən kəsilən belə bir əqidəsiz və məsləksiz şəxsin, öz alqışalayiq işləriylə xaricdəki soydaşlarımıza sonsuz inam və vətəndaşlıq ruhu bəxş edən, doğma Vətəndən uzaqda yaşamalarına baxmayaraq, öz diaspor təşkilatlarının xətti ilə, Azərbaycançılıq ideyalarının qələbə çalmasına, milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə öz vətəndaş töhfələrini verməyə çalışan, dövlətimizin imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən, milli mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, milli diasporumuzun formalaşıb, daha da inkişaf etməsinə xidmət edən möhtəşəm layihələrdən ibarət tədbirlər təşkil edən, onların layiqincə həyata keçməsi üçün bütün vasitələrə əl atan yaxşı insanlar, dəyərli soydaşlarımız əleyhinə başlatdığı qara piarın ağzı tezliklə onun özünə tərəf yönəldiləcək. Onu da nəzərinizə çatdırım ki, Federasiyasının Sibir və Uzaq Şərq bölgələrində fəaliyyət göstərən diaspor rəhbərlərimiz adından, eyni məzmunlu şikayət ərizəsi ilə, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə də müraciət ünvanlamışam. Təbii ki, bu müraciətə də, ciddi reaksiya olacaq.

    Müsahibəni apardılar:
    Məhi ELSEVƏR,
    Əli HÜSEYN,
    araz.az xəbər portalının xüsusi müxbirləri.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR