Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər 19 may 2025-ci il tarixində keçirilmiş elmi-praktik konfransda ətraflı şəkildə müzakirə olunub. Konfransa Sosial Tədqiqatlar Mərkəzi (STM) ev sahibliyi edib.
Tədbir müxtəlif dövlət qurumları, millət vəkilləri, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirmək olub. Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər. Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib.
Konfransda çıxış edən millət vəkili Məşhur Məmmədov şəhərsalma və tikinti sektorunun inkişafının strateji əhəmiyyətindən danışaraq bildirib: “Bakının mənzil fondunun dayanıqlı şəkildə yenilənməsi üçün həm institusional, həm də hüquqi mexanizmlər təkmilləşdirilməlidir. Qanunvericilik bazasında ediləcək dəyişikliklər, o cümlədən, razılaşma müddətlərinin konkretləşdirilməsi, vətəndaşların və investorların maraqlarının balanslaşdırılması baxımından mühüm addım ola bilər. Şəhərsalma siyasəti vahid koordinasiya ilə icra olunmalı, sahənin tənzimləyici strukturlar arasında bölgüsü optimallaşdırılmalıdır. Eyni zamanda, bölgələrdə mənzil infrastrukturunun inkişafına paralel diqqət artırılmalıdır ki, paytaxta miqrasiyanın qarşısı alınsın.”

Millət vəkili həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin ölkənin ümumi tikinti sektoruna ciddi təkan verdiyini vurğulayıb: “Bu bölgələrdə yaradılan yeni yaşayış məntəqələri, infrastruktur layihələri və şəhər planlaşdırması, Bakının da daxil olduğu digər regionlar üçün mütərəqqi model rolunu oynaya bilər.”
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, “2022─2026-cı il Milli Fəaliyyət Planı”nda tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: “2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 % artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 % artırılaraq 66 milyon kvadrat metr təşkil edəcək.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.