İqbal Məmmədov,
İş adamı, sahibkar28 May – Müstəqillik Günü xalqımızın tarixində qızıl hərflərlə yazılmış bir gündür. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqımız öz müstəqil dövlətini yaratmaq əzmini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika kimi tarixə düşdü və müasir dövlətçiliyimizin əsasını qoydu.
Bu şanlı tarix yalnız keçmişimizin yox, həm də bu günümüzün və gələcəyimizin mayakıdır. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan sürətli inkişaf yolu keçmiş, iqtisadiyyatı güclənmiş, regionda və dünyada nüfuzu durmadan artmışdır.
Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti dayanır. Məhz onun müəyyən etdiyi yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı proqramları və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlıq fəaliyyətinin genişlənməsinə zəmin yaratmışdır.
Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında sahibkarlığın rolu danılmazdır. Ölkə rəhbərliyi bu sahəyə daim xüsusi önəm verir və sahibkarlığın genişlənməsi üçün ardıcıl addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılıb.
Dövlətin verdiyi güzəştli kreditlər, subsidiyalar və vergi imtiyazları sahibkarların maliyyə yükünü azaldır və onların yeni iş yerləri açmasına təkan verir. Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün isə xüsusi dəstək mexanizmləri nəzərdə tutulub. Bu, bölgələrdə iqtisadi aktivliyi artırmaqla yanaşı, yerli icmaların rifahına da xidmət edir.
Dövlət qadın və gənc sahibkarları da diqqət mərkəzində saxlayır. Onlar üçün startap layihələri, təlim proqramları və inkubasiya mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, xarici bazarlara çıxmaq istəyən sahibkarlara logistik, hüquqi və maliyyə dəstəyi də göstərilir.
Bu gün sahibkarlar təkcə öz ailələrini deyil, cəmiyyətin rifahını da düşünən, məsuliyyətli və təşəbbüskar vətəndaşlar kimi formalaşıb. Dövlətin bu sahəyə göstərdiyi ardıcıl və səmərəli qayğı isə onların uğur yolunu daha da genişləndirir.
Azərbaycan sahibkarı bu qayğıya arxalanaraq sabaha daha inamla baxır, ölkənin iqtisadi gücünə öz töhfəsini verir.
Bu gün biz sahibkarlar da ölkəmizin iqtisadi inkişafında öz töhfəmizi verməyə çalışır, yaradılan əlverişli şəraitdən bəhrələnərək yeni iş yerləri açır, yerli istehsalı genişləndiririk. Prezident İlham Əliyevin sahibkarlara çağırışla dediyi kimi: “Sahibkarlar bizim dayağımızdır”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sahibkarlara qayğı və dəstək siyasəti sayəsində bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən Lerikdə yeni iqtisadi imkanlar yaranır, yerli iş adamları inkişaf edir. Bu yolda biz də dövlətimizin yanında olmağa, Azərbaycanın rifahı və qüdrəti naminə çalışmağa davam edəcəyik.
Müstəqillik Gününüz mübarək, Azərbaycan xalqı!