AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Nağıyev: “Azərbaycan turizmi qlobal səviyyədə mövqeyini möhkəmləndirir”

  • + A
  • - A
  • 5-06-2025, 20:16

    Fuad Nağıyev: “Azərbaycan turizmi qlobal səviyyədə mövqeyini möhkəmləndirir”

    İyunun 5-də Bakıda BMT-nin Turizm üzrə Avropa Komissiyasının 71-ci iclası işə başlayıb. Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iştirakçıları ölkəmizdə salamlamaqdan məmnunluq duyduğunu bildirdi.

    Fuad Nağıyev qeyd etdi ki, Azərbaycan 2019-cu ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edib və bu gün bu əməkdaşlıq uğurla davam etdirilərək ölkəmiz növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, Azərbaycanın Avropa turizm məkanında oynadığı fəal roldan və bu sahəyə göstərdiyi siyasi iradədən xəbər verir.

    “İki gün ərzində intensiv proqram çərçivəsində əsas turizm məsələləri müzakirə olunacaq, bir neçə seçki keçiriləcək və “COP29-dan sonra turizmdə iqlim fəaliyyəti” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq,” – deyə Agentlik sədri vurğulayıb.

    O bildirib ki, Azərbaycan 2001-ci ildən UN Tourism-in üzvüdür və bu müddət ərzində təşkilatın fəaliyyətində fəal iştirak edib. Ölkəmiz indiyədək üç dəfə İcraiyyə Şurasında təmsil olunub və 2017-ci ildə bu quruma sədrlik edib. 2025–2029-cu illər üzrə Avropa regionu üzrə İcraiyyə Şurasında təmsilçilik üçün Azərbaycanın namizədliyi bu gün keçirilən seçkilərdə iştirak edir.

    Fuad Nağıyev bildirib ki, son illər Azərbaycan turizmi sürətli inkişaf mərhələsi keçir. “COVID-19 pandemiyasından sonra Azərbaycan turizmi güclü bərpa olunub. Avropa bazarlarına yönəlmiş genişmiqyaslı tanıtım kampaniyaları turist axınında artım yaradıb. Bu inkişafın təməlində Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və turizmin iqtisadi şaxələndirmə vasitəsi kimi dəstəklənməsi dayanır,” – deyə o əlavə edib.

    Agentlik sədrinin sözlərinə görə, 2024-cü ildə Azərbaycana gələn beynəlxalq turistlərin sayı ötən illə müqayisədə 26% artıb, turizm gəlirləri isə 5.1 milyard ABŞ dollarına çatıb. Turizm sektoru ümumi daxili məhsulun 4.5%-ni təşkil edib və bu müsbət dinamikanın 2025-ci ildə də davam edəcəyi gözlənilir.

    Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində olduğu kimi, turizm sektorunda da strateji tərəfdaşlığa önəm verdiyini vurğulayan Fuad Nağıyev, bu əlaqələrin aviareyslərin genişlənməsi, e-viza sisteminin sadələşdirilməsi və qonaqpərvər mühit sayəsində daha da gücləndiyini qeyd edib.

    COP29-a ev sahibliyinin Azərbaycanın turizminə təsirinə toxunan Agentlik sədri bildirib ki, bu tədbir çərçivəsində ilk dəfə turizm COP gündəliyinə daxil edilib. Dövlət Turizm Agentliyi, UN Tourism və COP29 Sədrliyi tərəfindən birgə təşkil olunan ilk Turizm Nazirləri tədbiri və yüksək səviyyəli iki dəyirmi masa iqlim fəaliyyəti sahəsində mühüm təşəbbüslərə yol açıb. Onlardan biri olan “Turizmdə Gücləndirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” artıq 70-dən çox ölkə tərəfindən dəstəklənib. Fuad Nağıyev bu təşəbbüsə qoşulmaq üçün digər ölkələri də dəvət edib.

    Sonda iştirakçılara təşəkkür edən Agentlik sədri ümidvar olduğunu bildirib ki, qonaqlar Bakı və ümumilikdə Azərbaycanı daha yaxından tanıyacaq və bu günlərdə ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR