Gorus-Qafan yolunda vəziyyət necədir?
Xəbər verdiyimiz kimi, avqustun 27-si Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolu açılıb. Bu zaman Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərti irəli sürüb.
“Qafqazinfo”nun məlumatına görə, “Hraparak” qəzeti hazırda ermənilərin bu yoldan istifadə edərkən sürəti endirməli olduqlarını yazır. Bildirilir ki, bir hissəsi Azərbaycan ərazisindən keçən yol Azərbaycan-Rusiya arasında danışıqlardan sonra açılıb.
Nəşr yazır: “Azərbaycanlılar iki-üç yerdə beton bloklar qoyub və yol demək olar ki, qismən açıqdır. Beton bloklar azərbaycanlı hərbçilərin postlarının yanında quraşdırılıb. Yolun bu hissəsindən keçdikdə maşının sürəti minimuma endirilir. Çünki beton bloklar səbəbindən yolda hərəkət üçün dar zolaq qalıb. Azərbaycan tərəfi yoldan keçənləri rahatlıqla identifikasiya edə bilər. Xüsusilə də nəzərə alsaq ki, ölkənin Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl hər kəsi mübahisəli yolları dayanmadan sürətlə keçməyə çağırıb. Bu yolun əslində nəyin qarşılığında açıldığını isə gələcək hadisələr göstərəcək”.
Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanmışdı.