Azərbaycan və İran parlamentlərinin nümayəndələri ikitərəfli münasibətlərin inkişafı planlarını müzakirə ediblər. Bakı Qarabağda aparılan antiterror əməliyyatı barədə də İranı məlumatlandırıb.
Çərşənbə günü Azərbaycan Milli Məclisinin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə İran İslam Şurası Məclisinin nümayəndə heyəti arasında danışıqlar olub.
Deputat Cavanşir Paşazadə İran nümayəndə heyətinə Qarabağ bölgəsində həyata keçirilən yerli antiterror əməliyyatı barədə məlumat verib. O, Bakının regionda sülh və əmin-amanlığa böyük önəm verdiyini vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycan ilə İran arasında dostluq əlaqələrinin inkişafı və əlaqələrin genişləndirilməsinin vacibliyini müzakirə ediblər, iqtisadi, ticarət, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinin mövcud olduğunu bildiriblər. Deputat qeyd edib ki, iki ölkənin xalqları oxşar tarixə, dinə, mədəniyyətə malikdir.
Cavanşir Paşazadə, həmçinin qarşılıqlı səfərlərin və parlamentlər arasında əlaqələrin ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edib.
İran parlamentinin üzvləri Zahedi Məhəmməd Mehdi, Paşayi Bəhram Məsumə, Əlizadə Əli səmimi qəbula görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildiriblər. Nümayəndələr qeyd ediblər ki, iki ölkənin ortaq tarixi və mədəni dəyərləri var. Tehran Bakı ilə müxtəlif sahələrdə daha sıx əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, əlaqələri genişləndirmək üçün geniş imkanlar var.
İranlı qonaqlar əlavə ediblər ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağ Azərbaycan torpağıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.