Ermənistan Orta Dəhliz/Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) layihəsində Azərbaycanın mühüm tərəfdaşı ola bilər. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqada “Orta Dəhliz - Avropa üçün yeni üfüqlər” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, TMTM layihəsinin uğurla həyata keçirilməsi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa təkan verəcək. Bu kontekstdə səfir konfrans iştirakçılarının diqqətini Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın bu layihənin həyata keçirilməsində Azərbaycan və Gürcüstan üçün mühüm tərəfdaş ola biləcəyinə yönəldib.
Diplomat vurğulayıb ki, nəqliyyat dəhlizinin reallaşdırılması təkcə Çin, Mərkəzi Asiya və Avropa arasında yüklərin səmərəli daşınmasına imkan verməyəcək, həm də bütün layihə marşrutu üzrə regiondaxili və regionlararası əməkdaşlığı intensivləşdirəcək.
Niderlandın çoxsaylı işgüzar dairələri, hökuməti, mediası və ekspert icmasının nümayəndələrini bir araya gətirən Haaqa konfransı Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin Niderlanddakı səfirlikləri tərəfindən birgə təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.