Himayəsində 3 azyaşlı uşaq olan I qrup əlillərə vergi güzəşti edilir?
Himayəsində 3 azyaşlı uşaq olan I qrup əlil şəxs muzdlu işdə ayda təqribən 500 manat gəlir əldə etdiyi halda güzəştli vergiyə cəlb edilirmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AzərTac-ın sualına cavab olaraq bildirib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, 1-ci və 2-ci qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Məcəllənin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, I qrup əlil şəxsin əldə etdiyi 500 manat əməkhaqqından əlilliyə görə 200 manat, himayəsində üç nəfərin olmasına görə 50 manat və 2018-ci il üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 173 manat çıxılmaqla qalan məbləğdən 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.