AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zamirə Hacıyevanın Londondakı sərvəti Azərbaycana qaytarıla bilər – QALMAQAL

  • + A
  • - A
  • 12-10-2018, 11:19

    Zamirə Hacıyevanın Londondakı sərvəti Azərbaycana qaytarıla bilər – QALMAQAL














    “The Telegraph” qəzetinin yazdığına görə Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri etiraf edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin dəbdəbəli Harrods ticarət mərkəzində sağa-sola pul xərcləyən arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

    “Azadlıq” radiosu yazır ki, Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toonun sözlərinə görə, Ali Məhkəmə Zamirə Hacıyevanın maliyyə fırıldağına əl atdığını isbata yetirərsə, ondan müsadirə olunan sərvət Azərbaycana qaytarıla bilər.

    Cənab Toon izah edib ki, məhz buna görə Britaniyanın “İzahedilməz Sərvətə dair Qanunu”nun ilk dəfə tətbiq edilməsi müsadirə olunmuş vəsaitin “siyasi və beynəlxalq” məsələyə çevrilməsi ilə nəticələnə bilər.

    “The Telegraph” yazır ki, hazırda 55 yaşlı xanım Hacıyevanın “əri tərəfindən oğurlanmış vəsaitlərlə özünə dəbdəbəli həyat qurduğuna dair” iddialar araşdırılır.

    Məqalədə deyilir ki, Azərbaycan vətəndaşı Hacıyeva Londonun bahalı Knightsbridge rayonunda yaşadığı on il ərzində təkcə Harrods mağazasında 21 milyon funt sterlinq (27 milyon dollar) pul xərcləyib.

    Onun beş yataq otağı olan evinin qiyməti 15 milyon funt strelinqdir (19 milyon dollar) və o, həmçinin Askotdakı Mill Ride qolf klubunu 10, 5 milyon funt sterlinqə alıb.

    “The Telegraph” xatırladır ki, Zamirə Hacıyevanın əri, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev rəhbərlik etdiyi bankda 2, 2 milyard funt sterlinqlik (2, 9 milyard dollar) fırıldaqda ittiham edildikdən sonra 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum olunub.

    Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edir ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.

    Hakim Supperstone Zamirə Hacıyevadan istifadə etdiyi sərvəti necə əldə etdiyi barədə izahat verməsini tələb edib.

    Lakin Haciyevanın vəkilləri iddia edirlər ki, sözügedən qanun onların müştərisinə tətbiq oluna bilməz, çünki o “legitim biznesmenin arvadıdır”.

    “BBC Radio 4” kanalına müsahibə verən cənab Toon deyib ki, onun rəhbərlik etdiyi agentlik məhkəməni udarsa, Hacıyevanın bir sıra əmlakı müsadirə oluna bilər.

    Bu sərvətin kimə veriləcəyi barədə sualı cavablandırarkən cənab Toon bildirib ki, bu artıq siyasi və beynəlxalq məsələyə çevriləcək:

    “Bundan sonra sözügedən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək”.

    “The Telegraph” yazır ki, Cahangir Hacıyev Azərbaycan dövlətinə məxsus bankda işləyib və buna görə də həmin ölkənin hökuməti müsadirə olunan pulun ona qaytarılmasını tələb edə bilər.

    Cənab Toon bunu da bildirib ki, onun agentliyi “İzaholunmaz Sərvət Qanunu” əsasında Afrika, Cənubi Asiya və keçmiş Sovet İttifaqınfan olan daha 8 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR