Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçirilib.
Bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov bildirib.
O qeyd edib ki, monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkli qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib.
R.Bağırovun sözlərinə görə, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkli qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, “Sahil”, “Nəriman Nərimanov” metro stansiyaları, Azneft dairəsi, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib:
“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindirici haldır ki, artıq “BakuBus” MMC havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.