AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm Tarixi İnstitutu fəaliyyətinin 5-ci ildönümünə həsr olunmuş hesabat tədbiri keçirib

  • + A
  • - A
  • 2-06-2021, 19:34


    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) elmi müəssisənin yaranmasının və fəaliyyətinin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir akademiya və elmi-ictimaiyyət, eləcə də cəmiyyət qarşısında hesabat formatında hazırlanıb.
    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ETİ-nin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, aparılan tədqiqat işləri və beynəlxalq əlaqələrindən, həyata keçirdiyi xüsusi layihə və nəşrlərdən bəhs edib. Akademik diqqətə çatdırıb ki, 2014-cü ildən təsis olunan, 2016-cı ildən fəaliyyətə başlayan İnstitut qısa müddətdə kiçik kollektivlə bir çox uğurlara imza atıb, ölkədə və beynəlxalq miqyasda tanınıb, dünyanın bir sıra elmi mərkəzləri ilə əlaqələr qurub.
    İsa Həbibbəyli bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb, İnstitut bu istiqamətdə fərqli nəşr layihələri və tədbirlər həyata keçirib. Təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr layihələri İnstitutun uğurlu göstəriciləri olmaqla yanaşı, eyni zamanda akademiyanın tarixində də bir yenilikdir.
    Bütün bunların İnstitut rəhbərliyinin peşəkar yanaşması və seçimi ilə reallaşdığını vurğulayan akademik Elm Tarixi İnstitutunda mövcud səmərəli və səmimi işgüzar mühitin formalaşmasında düzgün kadr siyasətinin böyük rol oynadığını bildirib. İnstitut əməkdaşlarının yalnız elmi tədqiqat sahələrində deyil, ictimai həyatda da aktiv olduqlarını, milli məsələlərin təbliğində mediada xüsusi fəalllıqları ilə seçildiklərini qeyd edib.
    Elmi müəssisənin bütün göstəricilər üzrə inkişaf etdiyini, müasir tələblərə və çağırışlara cavab verdiyini vurğulayan vitse-prezident çıxışının sonunda İnstitut kollektivini yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.
    Sonra ETI-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan İnstitutun 5 illik fəaliyyətinin qısa hesabatını təqdim edib.
    2016-2020-ci illərdə ETİ-nin fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan hesabatda elm tarixinin müstəqil bir elm sahəsi kimi formalaşması, Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, elmi müəssisənin yaranma zərurəti, profili, əsas fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib.
    Elmi müəssisənin keçdiyi yola nəzər salan direktor qeyd edib ki, ötən 5 ildə İnstitut bir çox yeniliklərə və “ilk”lərə imza atdı, spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarları ilə daim gündəmdə oldu.
    Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən İnstitutlarla fəal əlaqələr qurmuş, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə etmiş, müqavilələr imzalamışdır. 2016-cı ildə Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbii Elmlər və Texnika Tarixi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutu, 2017-ci ildə Rusiya Elmlər Akademiyasının Arxivi, İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyi (Florensiya), Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu, 2019-cu ildə Polşa Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə imzalanmış müqavilələr və həmin ildə İnstitutun Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilməsi bu qəbildəndir.
    2018-ci ildə İnstitutun təşkilatçılığıyla Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dan çox tanınmış alimin qatıldığı, elm tarixi və elmşünaslığa, fənlərarası əlaqələrə həsr olunmuş beynəlxalq elmi konfrans elmi müəssisənin nail olduğu ilk böyük uğurlardan biridir. 2016-2020-ci illər ərzində İnstitutun təşkilatçılığıyla 1 beynəlxalq səviyyəli konfrans, 1 beynəlxalq elmi seminar, 4 respublika səviyyəli konfrans, 10 elmi seminar və ümumilikdə müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib. Kiçik elmi heyətlə təmsil olunan İnstitutun əməkdaşları 50-dən çox beynəlxalq və lokal konfranslarda iştirak etmiş, müvafiq olaraq tezis və məqalələr təqdim etmişlər. 2016-cı ildən bu günədək ETİ elmi heyətinin 40-dan çox kitabı, 170-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 50-ə yaxın məqaləsi çap edilib, beynəlxalq və yerli tədbirlərdə iştiraka, səmərəli fəaliyyətə görə İnstitutun əməkdaşlarına orden və medallar, sertifikatlar, təşəkkürnamələr təqdim edilib.
    Məryəm Seyidbəyli bildirib ki, 2020-ci ildə Elm Tarixi İnstitutunun mühüm yeniliklərindən biri də “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalının AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınaraq fəaliyyətə başlaması və Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilməsi və rəsmi müqavilə əldə etməsidir. Elmi məcmuə bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir.
    Çıxışının sonunda İnstitut direktoru sözügedən fəaliyyətin reallaşdırılması üçün şərait yaratdığına görə akademiya rəhbərliyinə, Elm Tarixi İnstitunun tərəfdaşlarına, media qurumlarına, eləcə də rəhbərlik etdiyi kollektivin hər bir üzvünə təşəkkürünü bildirib və yubiley təbriklərini ifadə edib.
    İnstitutun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək, rəhbərlik etdikləri elmi şöbələrin tədqiqat istiqamətləri, fəaliyyət dinamikası, əsas elmi nəticələri barədə qısa məlumat təqdim edib və qarşıda planlaşdırılmış işlərdən danışıblar.
    Elm Tarixi İnstitutunun fəal xarici tərəfdaşlarından Rusiya Elmlər Akademiyasının(REA) S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun direktoru, biologiya elmləri doktoru Roman Alekseyeviç Fandonun və REA S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın 5 illik yubiley münasibəti ilə İnstituta ünvanlanmış onlayn təbrik çıxışları dinlənilib.
    Sonra AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova çıxış edərək, Elm Tarixi İnstitutunun Azərbaycan elmi ictimaiyyəti üçün xusisi əhəmiyyətindən bəhs edib və elmi müəssisənin kollektivini 5 illik yubiley, parlaq fəaliyyət, zəngin statistik hesabat münasibətilə təbrik ediblər.
    Sonda İnstitut əməkdaşları fəxri fərmanlarla təltif olunub.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR