Səyyar ASAN qatar ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.
Səyyar ASAN qatar iyulun 1-dən Lənkəran dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə ASAN qatar vasitəsilə 14 minə yaxın vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Hazırda Lənkəran şəhərində fəaliyyət göstərən Səyyar ASAN qatarın növbəti dayanacağı Astara rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 400 minə yaxın, 2021-ci il ərzində isə 103 minə yaxın vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.