Göyçayı fəlakətə sürükləyənlər kimlərdir? - Fotolar
İllərdir Göyçay çayının məcrasının talan edilməsi körpünün uçması və rayonun faktiki olaraq ikiyə bölünməsi, rayon sakinlərinin azı 40 mininin çıxılmaz duruma düşməsi ilə nəticələnib
Musavat.com xəbər verir ki, Göyçayda son dərəcə acınacaqlı bir vəziyyət yaranıb.
İki gün ərzində yağan yağışlardan sonra Göyçay çayında su artıb və əslində, çoxdandır gözlənilən, lakin müvafiq strukturların vaxtında əhəmiyyət vermədiyi fəlakət baş verib.
İyunun 2-də günorta saatlarında Göyçay rayonunun təxminən ortasından (rayon mərkəzinin bir hissəsi də çayın sahillərində yerləşir) keçən çayın üzərindəki körpünü su yuyub. Öncə piyada körpüsü uçub. Gecə saatlarında isə uzunluğu 74 metr olan, rayonda gedib-gəliş üçün yeganə avtomobil körpüsünün də 15 metr hissəsi uçub. Faktiki olaraq Göyçay rayonu hazırda ikiyə bölünüb, rayon mərkəzinin 30-dan çox kəndlə əlaqəsi kəsilib. Həmçinin, çayın sahillərində yerləşən evlərə ciddi ziyan dəyib, bir neçə evi su basıb, xeyli həyətyanı sahəni su yuyub aparıb. Çayın sahilində yerləşən ikimərtəbəli, 14 mənzilli bina da qəzalı vəziyyətə düşüb. Onlarla ailə təhlükə qarşısındadır.
Məsələ ondadır ki, Göyçayda baş verən fəlakətin baiskarı heç də sel deyil! Göyçay çayı daim gursulu olub, ötənlərdə indikidən iki dəfə artıq suyu ötürüb. Səbəb son 10 ildə bu çayın məcrasının talan edilməsidir.
Belə ki, son 10-12 il ərzində sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2 şirkətinin, Səlim Müslümovun 1, sabiq başçı Mübariz Ağayevin 1 və xüsusi ilə ATF adlı bir şirkətin çayın axarında çınqıl zavodu tikib, Göyçay çayının məcrasını 30 metr dərinləşdirmələridir.
Təkcə ATF şirkətinin çayın məcrasını necə viran qoymasına tamaşa etmək bəs edər ki, bu şirkətlərin öz maddi maraqları üçün Göyçaya divan tutmaq məqsədi güddükləri qənaəti yaransın.
Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərindək 3-4 metr, bəzi yerlərdə 5-6 metr dərinliyində olub. Göyçay çayı üzərində ilk avtomobil körpüsü 1947-ci ildə tikilib. O körpü 2002-ci ilədək tab gətirib. Çünki dayaqlarını, istinad laylarını su yumayıb. Nəhayət, TIR-lar peyda olandan, ağır tonnajlı avtomobillər həmin dəmir konstruksiyalı körpünü qəzalı vəziyyətə saldıqdan sonra 2003-cü ildə ona paralel yeni körpü inşa edilib istifadəyə verildi. Mütəxəssislər deyir ki, yeni tikilmiş, yəni artıq uçmuş körpü o qədər də keyfiyyətsiz olmayıb. Sadəcə, 2002-2003-cü illər ərzində həmin körpü inşa edilərkən çayın dərinliyi o ərazidə 4-5 metr olub, körpü də məhz həmin dərinliyə uyğun tikilib. İstinad layları təbii olaraq bu ölçüdə qurulub.
2005-2018-ci illər ərzində isə Ziya Məmmədovun 2 (ZQAN), sabiq başçı Mübarizə Ağayev 1, habelə Ziya Məmmədova bağlı olan Azad Muradov adlı iş adamının 1 (ATF şirkəti), daha sonra isə sabiq nazir Səlim Müslümovun da 1 şirkəti çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa ediblər.
Və çayın məcrasını körpü yaxınlığında kor-təbii şəkildə qazaraq çınqıl, qum, beton istehsal edib böyük pullar qazanıblar. Fərqində olmayıblar ki, çayın məcrasını bu şəkildə məhv etmək olmaz. Nəhayət, çayın məcrasını bu "çınqıl mafiyası” 20-30 metrə qədər qazdıqda, təbii ki, 4-5 metr dərinliyə hesablanaraq tikilən körpünün dayaqları üzə çıxıb, sel sularına qurban getməli idi. Həmin şirkətlərin görməmişcəsinə fəaliyyətinin qanuni formaya salınmaması, yəni çayın məcrasının çınqıl istehsalı üçün təbii şəraitin imkanları daxilində deyil, daha çox pul toplamaq məqsədi ilə talan edilməsi səbəbindən çayın dərinliyi körpü ətrafında 4-5 metrdən 20 metrədək artıb. Belədə, 4-5 metrlik dərinliyə hesablanaraq tikilmiş körpünün dayaqlarını, torpaq yatağını təbii ki, selin yuyub dağıtması gözlənilən idi.
Əslində, Göyçay sakinləri bu problemi illər öncə görüblər və müraciət etmədikləri orqan qalmayıb. Hələ aylar öncə bu zavodların Göyçay çayının məcrasını talan etmələri və faktiki olaraq rayona fəlakət hazırlamaları ilə bağlı məhkəməyə, prokurorluğa müraciətlər edilib. Lakin indiyədək ciddi bir nəticə olmamışdı. Nəhayətdə, belə bir ağrılı fəsad ortaya çıxıb.
Bir neçə mafiozun qanunsuzluğu səbəbindən 2 gündür rayonun 30-dan çox kəndində, habelə rayon mərkəzinə düşən hissədəki ərazidə yaşayan 40 mindən çox sakinin həyat rejimi pozulub. Hazırda meyvə-tərəvəz mövsümüdür, rayon mərkəzi, bazarlarla əlaqəsi kəsilən kəndlərin sakinləri məhsullarını daşıya bilmir. Xəstələnən, təcili yardıma ehtiyacı olan insanlar da "o tayda” Allahın ümidinə qalıblar. Məsələn, Göyçayın Qaraməryəm kəndində yaşayan bir sakin indi rayon mərkəzinə gəlmək istəsə, bundan ötrü Bərgüşad yolu ilə Ucar rayona getməli, oradan Göyçaya gəlməlidir. Bunun üçün isə 85 kilometr məsafə qət etməlidir, o qədər də geri qayıtmalıdır!
Ən acınacaqlısı odur ki, faktiki olaraq ikiyə bölünmüş Göyçayda alternativ nəinki avtomobil, heç piyada körpüsü belə yoxdur! Ötən illərdə bu məsələ rayon ziyalıları tərəfindən dəfələrlə qaldırılsa da, alternativ heç olmasa piyada körpüsünün tikilməsi müvafiq strukturların vecinə də olmayıb.
Faktiki olaraq Göyçayda baş verən fəlakətin səbəbkarları adları yuxarıda qeyd edilən "çınqıl mafiyası”dır. Onlar dövlətə və Göyçay sakinlərinə 100 milyonlarla manat ziyan vurublar. Əlbəttə ki, göyçaylılar bu hərəkətlərin cəzasız qalmayacağına inanırlar.
Rayon sakinləri deyir ki, həmin çınqıl-beton, qum istehsal edən şirkətlərin çayın məcrasında işləri müəyyən limit çərçivəsində tənzimlənməsə, kortəbii fəaliyyətə son qoyulmasa rayon daha böyük fəlakətlər yaşayacaq, Göyçay ərazisinin bir hissəsi tamamilə məhv olacaq.