13 fevral 2026-cı il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya Masallı Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirin əsas məqsədi talassemiyadan əziyyət çəkən xəstələrə dəstək göstərmək, onların müalicəsində mühüm rol oynayan qan ehtiyatını artırmaq və cəmiyyət arasında könüllü qanvermə ənənəsini təşviq etmək olmuşdur. Aksiya çərçivəsində rayon sakinləri yüksək fəallıq nümayiş etdirərək humanist təşəbbüsə qoşulmuş, bir çox vətəndaş könüllü şəkildə qan verərək ehtiyacı olan insanlara həyat bəxş etmişdir.
Qanvermə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və başçının birinci müavini Tohid Hüseynov da könüllü olaraq qan verərək təşəbbüsə dəstək göstərmişlər. Rayon rəhbərinin aksiyada iştirakı və şəxsən qan verməsi cəmiyyət üçün nümunə olmuş, insanlar arasında xeyirxahlıq və həmrəylik ruhunun güclənməsinə müsbət təsir göstərmişdir.
Qeyd olunan təşəbbüs əhali arasında sağlamlıqla bağlı maarifləndirmə işinin genişləndirilməsi və talassemiyalı xəstələrə davamlı dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Keçirilən qanvermə aksiyası bir daha göstərmişdir ki, Masallı ictimaiyyəti hər zaman xeyirxah və sosial yönümlü layihələrdə fəal iştirak edir və insan sağlamlığının qorunmasına həssas yanaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.