AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanı qələbəyə aparan yol çətin sınaqlardan keçmişdir

  • + A
  • - A
  • 5-11-2024, 10:35

    Azərbaycanı qələbəyə aparan yol çətin sınaqlardan keçmişdir

    Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq düşmənin işğalçılıq siyasətinə son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sonsuz sevinc və qürur mənbəyimiz olan bu Qələbə tariximizdə əbədi qalacaq. Bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Zəfər igid hərbçilərimizin canı, qanı, xalqımızın həmrəyliyi sayəsində əldə olunub. Prezident İlham Əliyevin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bildirdiyi kimi, Qələbəyə gedən yol keşməkeşli və çətin idi. Dövlət başçımız diqqəti ilk növbədə Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin xalqımızı mənəvi cəhətdən sarsıtdığına çəkib. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt anti-milli ünsürlər hakimiyyəti zəbt etmişdilər. Həmin ünsürlər hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlar hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. “Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

    Beləliklə, Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz. Digər bir amilə diqqət yetirək. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, ölkəmiz öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirmək istəyirdilər. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş status-kvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi.

    Prezident İlham Əliyevin bildirdiyi kimi, nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyədək olan dövrdə daim sülh danışıqlarında fəal iştirak edən Azərbaycan, eyni zamanda, ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Ölkəmiz qısa müddətdə müasir silahlarla, yüksək səviyyəli kadrlarla təchiz olunmuş ordu qurmağa nail oldu. Müasir ordu danışıqlar prosesində respublikamızın özünəinam hissini artıran əsas amil qismində çıxış edirdi. Ordu quruculuğu üçün isə ilk növbədə iqtisadiyyatı gücləndirmək lazım idi. Prezident İlham Əliyevin müasir çağırışları və ölkənin iqtisadi potensialını nəzərə almaqla həyata keçirdiyi yeni nəsil islahatlar sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu. Bu gün respublikamız öz hesabına yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil. Özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. “İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik”, - deyə Prezident İlham Əliyev bildirib.


    Taleh Əkbərov,Partiya fəalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR