Masallının Lürən kəndində rayon rəhbərinin 06 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu06 fevral 2025-ci il tarixdə rayonun Lürən kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 7 məsələ qaldırılmış, müraciətlərin 4-ü müsbət həll olunmuş, 2 müraciətə qanunamüvafiq izahat verilmiş və 1 məsələnin həll olunması yaxın zamanda nəzərədə tutulmuşdur.
Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Lürən ərazisində elektrik təsərrüfatının SİP kabelləşməsi aparılır, Yusifli kəndində 300 metr kənddaxili yola çınqıl tökülmüş, Pircana kəndində 700 metr kənd daxili yol qreyderlə hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş, Faiq Şükürov adına Lürən kənd tam orta məktəbi təbii qazla təmin olunmuş və 1,2 km məsafədə kanal təmizlənmişdir. Daha sonra şöbə müdiri Pircana kəndində yararsız vəziyyətə düşmüş körpü yenidən bərpa olunması, Lürən kənd qəbiristanlığının həyətinə girişdə çardaq tikilməsi və Pircana kəndində artezian quyusunun qazılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.