AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans

  • + A
  • - A
  • Bu gün, 18:00

    Masallıda “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans

    12 noyabr 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans keçirilmişdir.

    Konfransdan öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət etmişdir.
    “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

    Konfrans iştirakçılarını salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında qeyd etmişdir ki, məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

    1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də ümummilli lider Heydər Əliyevin təklifi ilə yeni Konstitusiyada 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.

    Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
    Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

    Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

    Daha sonra çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı 2 saylı Mediasiya Təşkilatının direktoru Tünzalə Qardaşova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının sədri Ramiz Tağıyev bildirdi ki, Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sənədin hüquqi, siyasi və sosial aspektlərinin yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan, Konstitusiyanın elmi tədqiqi və tətbiqinin təkmilləşdirilməsi hüquqi dövlətin davamlı inkişafına xidmət edən əsas şərtlərdən biri kimi çıxış edir.
    Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi qeyd olunur. Bu yubiley sadəcə tarixi hadisə deyil, həm də hüquqi dövlətçilik ənənələrinin dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır.

    Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.
    Heydər Əliyev Mərkəzində baş tutan “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans rayon rəhbəri Arz Əhmədovun “Azərbaycan Respublikasının müasir siyasi tarixində konstitusiya və suverenlik anlayışları dövlətçilik fəlsəfəsinin əsas sütunlarıdır. Konstitusiya – hüquqi sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının təminatıdır;

    Suverenlik – bu, sabitliyin siyasi təminatı, dövlətin beynəlxalq müstəvidə müstəqil subyekt kimi mövqeyinin təsdiqidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə yönəlmiş tarixi qərarlardır. Azərbaycan dünyaya aydın mesaj verir: “Milli maraqlardan geriyə addım yoxdur. Dövlətimizin gələcəyi Konstitusiya və Suverenlik prinsipləri üzərində qurulacaq” sözləri ilə yekunlaşdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR