18 dekabr 2025-ci il tarixində Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində Masallı rayonu üzrə Ümumrayon Valideyn Konfransı təşkil olunmuşdur. Konfransın keçirilməsində əsas məqsəd məktəb–ailə–cəmiyyət münasibətlərinin möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması və uşaqların sağlam mühitdə formalaşmasına dəstək göstərilməsi olmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdürü Bəhruz Mehdiyev, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Masallı rayonu üzrə Təhsil sektorunun müdürü Elman Rzayev, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər və digər aidiyyəti şəxslər iştirak etmişlər.
Konfrans iki hissədən ibarət olmuşdur.
Birinci hissə – rəsmi çıxışlar:
Konfransın rəsmi hissəsində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov erkən nikahın cəmiyyət üçün yaratdığı fəsadlardan ətraflı bəhs etmiş, bu halların qarşısının alınmasının dövlət qurumları ilə yanaşı valideynlərin də birbaşa məsuliyyətində olduğunu vurğulamışdır. İcra başçısı qeyd etmişdir ki, Masallı rayonunda erkən nikah hallarının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi və Təhsil sektoru tərəfindən sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Ardınca çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdürü Bəhruz Mehdiyev valideyn nəzarətinin şagirdlərin təhsil göstəricilərinə birbaşa təsir etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, valideynlərin daim maraq göstərdiyi, nəzarətdə saxladığı uşaqlar məktəbdə daha yüksək nailiyyətlər əldə edir və sosial davranış baxımından da daha məsuliyyətli olurlar.
Sonra narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilmişdir. Video iştirakçılar tərəfindən diqqətlə izlənilmiş və mövzunun aktuallığı bir daha vurğulanmışdır.
Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev çıxışında narkomaniya, erkən nikah və yetkinlik yaşına çatmayanlar arasında hüquqpozma hallarına toxunmuşdur. O qeyd etmişdir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Təhsil sektorunun nümayəndələri ilə birgə hər həftə ümumtəhsil məktəblərində profilaktik tədbirlər həyata keçirilir. Polis rəisi çıxışında təəssüf hissi ilə bildirmişdir ki, bəzi hallarda 6–9-cu sinif şagirdləri arasında oğurluq və digər cinayət əməllərinə rast gəlinir. Ailə daxilində baş verən münaqişələrin uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyini, bu cür hallar nəticəsində uşaqlarda özünəqapanma və zərərli vərdişlərin formalaşa bildiyini vurğulamışdır. Azay Ağayev belə hallarla mübarizədə valideyn–məktəb–polis əməkdaşlığının vacibliyini xüsusi qeyd etmişdir.
Daha sonra Lənkəran-Astara Dram Teatrının əməkdaşları tərəfindən mövzuya uyğun hazırlanmış bədii kompozisiya iştirakçılara təqdim olunmuşdur. Kompozisiya valideyn və uşaqlar arasında münasibətlərin əhəmiyyətini əks etdirməklə maarifləndirici xarakter daşımışdır.
Ardınca Masallı rayonu üzrə Təhsil sektorunun müdürü Elman Rzayev çıxış edərək ailə daxilində sağlam münasibətlərin uşaqların tərbiyəsində və təhsilində mühüm rol oynadığını bildirmişdir. O vurğulamışdır ki, valideynlər arasında qarşılıqlı hörmət və anlayış övladlara da sirayət edir, onların gələcəkdə cəmiyyətə faydalı, düzgün mövqeyə malik vətəndaş kimi formalaşmasına müsbət təsir göstərir.
İkinci hissə – müzakirələr və bədii təqdimat:
Konfransın ikinci hissəsində panel müzakirələr təşkil olunmuş, valideynləri narahat edən və maraqlandıran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, ünvanlanan suallar cavablandırılmışdır.
Ümumrayon Valideyn Konfransı təlim-tərbiyə prosesində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, açıq dialoqun qurulması, valideyn məsuliyyətinin artırılması və sağlam gələcək naminə əməkdaşlığın möhkəmləndirilməsi baxımından faydalı və əhəmiyyətli olmuşdur.