2 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərində yerləşən ASAN Həyat Kompleksində “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Heydər Əliyev ideyaları ilə formalaşan 30 illik inkişaf yolu” mövzusunda forum təşkil olunmuşdur.
Forumdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini, eləcə də “Qəhrəmanlar Parkı – Şəhidlər Abidə Kompleksi”ni ziyarət etmiş, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Daha sonra Gənclər və İdman Nazirliyi və Regional Gənclər və İdman İdarəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov çıxış edərək qeyd etmişdir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü gəncliyimizin dövlətçilik dəyərlərinə sədaqətinin və ictimai fəallığının bariz nümunəsidir. Bildirilmişdir ki, Birinci Azərbaycan Gənclər Forumunun keçirilməsindən ötən 30 il ərzində gənclər siyasəti uğurla inkişaf etmiş, bu siyasətin nəticələri xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin qəhrəmanlığı ilə təsdiqlənmişdir.
Daha sonra çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantı Ruslan Cəbiyev 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamış, ölkədə dövlət gənclər siyasətinin formalaşmasında Ulu Öndərin müstəsna rolundan bəhs etmişlər.
Tədbirin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fəallığı və müxtəlif sahələrdə göstərdikləri xidmətlərə görə bir qrup gənc Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuş, xatirə şəkilləri çəkilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.