18 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov tərəfindən Hüseynhacılı kəndi ərazisində səyyar görüş-qəbul keçirilmişdir.
İcra Hakimiyyətinin başçısı səyyar qəbulu başlamazdan əvvəl vətəndaşları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Görüş zamanı rayon rəhbəri çıxış edərək kəndin tarixi haqqında məlumat vermiş, Hüseynhacılı kəndinin XVII əsrin sonlarında formalaşdığını, 1749-cu ildən etibarən isə ərazidə əhalinin məskunlaşmağa başladığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Öncəqala kəndi və Hüseynhacılı kəndləri ziyalı potensialı ilə seçilir. Qeyd olunmuşdur ki, bu yaşayış məntəqələrindən fəlsəfə doktorları, fövqəladə hallar, nəqliyyat, ədliyyə və təhsil sahələrində çalışan mütəxəssislər yetişmişdir.
Daha sonra çıxış üçün söz Masallı Rayon İcra Hakimiyyəti aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
Şöbə müdiri çıxışında ərazidə həyata keçirilən sosial-iqtisadi layihələr barədə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, kənd ərazisində SİP internet xətlərinin çəkilməsi işləri yekunlaşmaq üzrədir. Həmçinin Öncəqala–Hüseynhacılı avtomobil yolunda hamarlama işləri aparılmış və yolun vəziyyətinin yaxşılaşdırılması məqsədilə qreyderlənmə işi həyata keçirilmişdir.
Çıxış zamanı Öncəqala ərazisində yaşayan şəhid ailələrinə, qazilərə, veteranlara və aztəminatlı ailələrə ümumilikdə 5315 manat məbləğində maddi yardımın göstərildiyi qeyd olunmuşdur. Əlavə olaraq ərazidə 3075 metr uzunluğunda yola qum-çınqılın töküldüyü diqqətə çatdırılmışdır.
Bununla yanaşı, kənd qəbiristanlığında 86 metr uzunluğunda hasar çəkildiyi, şəhid məzarlarının üzərindəki daşların yeniləndiyi, sağlamlıq imkanları məhdud və həssas olan sakinə maddi dəstək göstərildiyi vurğulanmışdır.
Eyni zamanda Konstitusiya və Suverenlik İli çərçivəsində ərazidə 225 ədəd ağac əkildiyi, şəhid lövhələrinin yeniləri ilə əvəz olunduğu qeyd edilmişdir.
Səyyar görüş-qəbul zamanı vətəndaşlar tərəfindən aşağıdakı müraciətlər edilmişdir:
İlk olaraq müraciət edən vətəndaş kənd ərazisində mərasim evinin olmamasını qeyd edərək, kənd üçün mərasim evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması və bu istiqamətdə köməklik göstərilməsini rayon rəhbərindən xahiş etmişdir.
Növbəti müraciət Hüseyinhacılı kənd tam orta məktəbinə gedən yolun təmiri ilə bağlı olmuşdur. Vətəndaş məktəbə gedən təxminən 200 metr uzunluğunda yol hissəsinin asfalt örtüklə təmin olunmasını xahiş etmişdir.
Digər müraciətdə vətəndaş oğlunun işlə təmin olunması məqsədilə məşğulluq idarəsinə müraciət etdiyini, lakin müraciətinə dair nəticə barədə məlumat ala bilmədiyini bildirmişdir.
Daha sonra bir vətəndaş həyat yoldaşının adına kənd ərazisində pay torpağının olmaması ilə bağlı müraciət etmişdir.
Digər bir vətəndaş kənd məktəbində məişət tullantılarının yığılması üçün zibil qutularının olmamasını qeyd etmişdir.
Növbəti vətəndaş isə kəndin tibb məntəqəsində xadimə vəzifəsi üzrə işlə təmin olunması barədə müraciət etmişdir.
Sonuncu müraciətdə isə kəndin giriş hissəsində əkilmiş ağacların heyvanlar tərəfindən zədələndiyi bildirilmış, ağacların qorunması məqsədilə onların ətrafının mühafizə vasitələri ilə təmin olunması xahiş edilmişdir.
Qeyd olunan məsələlər İcra başçısı cənab Araz Əhmədov tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, digər məsələlərin isə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara yönləndiriləcəyi bildirilmişdir.