22 aprel 2026-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Yeyənkənd inzibati ərazi dairəsinə daxil olan Xəlfələr kəndində səyyar görüş-qəbul keçirmişdir.
Görüşdə rayon rəhbəri ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Səyyar qəbul zamanı çıxış edən İcra başçısı ilk növbədə vətəndaşları salamlayaraq, Xəlfələr kəndinin tarixi, mədəni irsi və əhalinin əsas məşğuliyyət sahələri barədə geniş məlumat verib.
Daha sonra Araz Əhmədov kənddə görülən abadlıq-quruculuq işlərinə toxunaraq, xeyriyyəçilər tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirib, bu istiqamətdə göstərilən təşəbbüslərə görə kənd sakinlərinə minnətdarlığını bildirib.
Rayon rəhbəri çıxışında yaxın gələcəkdə kəndin qaz təchizatı məsələsinin həlli ilə bağlı müvafiq icazələrin alındığını diqqətə çatdırıb, qazlaşdırma işlərinin sürətləndirilməsi istiqamətində zəruri addımların atıldığını qeyd edib.
Həmçinin bildirilib ki, Xəlfələr kəndinin yaranma tarixi 1840-cı ili əhatə edir və bu ərazi zəngin tarixi ənənələrə malikdir.
Sonra söz Masallı rayon İcra Hakimiyyətinin sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
Şöbə müdiri çıxışında Yeyənkənd inzibati ərazi dairəsində rayon İcra Hakimiyyəti, idarə, müəssisə, bələdiyyə, xeyriyyəçilər və xeyriyyə cəmiyyətləri tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilib ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsiz şəxslərə məişət problemlərinin, eləcə də işıq, qaz və digər sosial məsələlərin həlli istiqamətində mütəmadi maddi yardımlar göstərilmişdir.
Ərazidə yol infrastrukturu ilə bağlı mühüm işlər görülmüş, kənddaxili yolların 250 metrlik hissəsi genişləndirilmiş, yeni hasarlar quraşdırılmışdır.
Eyni zamanda yol kənarından keçən 380 metr suaparıcı kanallar təmizlənmiş, köhnə borular yeniləri ilə əvəz olunmuşdur.
Məişət tullantılarının yığılması və daşınmasının təşkili üçün 44 ədəd plastik konteyner alınmış, ərazidə 4 ədəd avtobus dayanacağı quraşdırılmışdır.
Nümayəndəliyin təşkilatçılığı və xeyriyyəçilərin dəstəyi ilə Yeyənkənd və Abasbəyli kəndlərində ümumilikdə 7800 metr uzunluğunda mərkəzi və kəndarası yollar boyunca 248 ədəd elektrik dirəyi basdırılaraq küçələrin gecə işıqlandırılması təmin edilmişdir.
Təhsil sahəsində görülən işlər çərçivəsində Yeyənkənd tam orta məktəbinin idman zalının təmirinə 2600 manat vəsait ayrılmış, əlavə olaraq 5 sinif otağının qapıları yenilənmişdir.
Qazlaşdırma sahəsində də işlər aparılmış, Xəlfələr və Abasbəyli kəndlərində qaz xətti olmayan 126 ev üçün ümumilikdə 2805 metr uzunluğunda qaz xəttinin çəkilməsi məqsədilə materiallar alınmış və hazırda işlər davam etdirilir.
Yeyənkənd məscidinə iki ədəd yeni kondisioner, 4250 manat dəyərində stol və stullar alınmışdır. Abasbəyli kənd məscidində yenidənqurma işlərinə başlanılmış, uzunluğu artırılmış, köhnə daş hasar sökülərək dəmir hasarla əvəz olunmuşdur.
Aztəminatlı ailələrə 82 pay ərzaq yardımı göstərilmiş, əlavə olaraq 12 ailəyə 50 manat maddi yardım edilmişdir.
Konstitusiya və Suverenlik ili çərçivəsində 270 ədəd müxtəlif növ ağac əkilmişdir. Yol kənarları və qəbiristanlıqlar daim təmiz saxlanılmış, şəhid plakatları yenilənmişdir.
Sonda bildirilib ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən məişət tullantılarının ərazidən daşınması mütəmadi olaraq həyata keçirilir.
Sonra isə rayon rəhbəri Araz Əhmədov vətəndaşlar tərəfindən səsləndirilən müraciətləri dinləmişdir.
İlk olaraq çıxış edən sakin kəndin qaz təchizatı ilə bağlı mövcud problemi diqqətə çatdırmışdır.
Növbəti müraciət edən vətəndaş isə elektrik enerjisi ilə bağlı çətinlikləri qeyd edərək, kəntdə elektrik cərəyanının zəif olduğunu bildirmişdir.
Daha sonra səsləndirilən müraciətlərdən biri səhiyyə sahəsi ilə bağlı olmuşdur.
Çıxış edən digər vətəndaş da əsasən işıq və qaz təminatı ilə bağlı məsələləri gündəmə gətirmişdir.
Növbəti müraciət torpaq məsələləri ilə əlaqədar olmuş, bu sahədə yaranan çətinliklər diqqətə çatdırılmışdır.
Sonda çıxış edən sakin göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbəri Araz Əhmədova kənd sakinləri adından təşəkkürünü bildirmişdir.
Vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş və müvafiq qaydada qeydiyyata alınmışdır. Müraciətlərin bir hissəsi yerindəcə həll edilmiş, digər problemlərin aradan qaldırılması istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.