Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun ucqar yaşayış məntəqələrindən biri olan Güllütəpə inzibati ərazi dairəsinin Köhnə Zuvand kəndində sakinlərlə görüş keçirib.
Köhnə Zuvand kənd sakinlərinin kollektiv müraciəti əsasında təşkil olunan görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial və infrastruktur məsələləri ətrafında geniş müzakirələr aparılıb. Sakinlər əsasən kənddaxili yolların təmiri, elektrik enerjisi təchizatının yaxşılaşdırılması, qaz təminatı, küçə işıqlandırılması, məşğulluq imkanlarının artırılması və digər sosial problemlərlə bağlı fikirlərini rayon rəhbərinin diqqətinə çatdırıblar.
Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə aidiyyəti qurumlarla birgə tədbirlərin görüləcəyi bildirilib. Bəzi müraciətlərlə bağlı yerində araşdırmaların aparılması və həlli istiqamətində operativ tədbirlərin görülməsi üçün məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri vətəndaş müraciətlərinə həssas və operativ yanaşmaya görə rayon rəhbərliyinə və aidiyyəti qurumların əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.
Sonda sakinlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinə, bölgələrdə aparılan abadlıq-quruculuq işlərinə və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.