ATMU-nun Menecment kafedrasının dosenti, həmçinin IMC Krems Tətbiqi Elmlər Universitetinin Fəxri professoru i.ü.f.d., dos. Nailə Rəşid qızı Musayeva Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində “Rəqəmsal Biznes İnnovasiyası” IMC Beynəlxalq Yay Məktəbi adlı beynəlxalq tədbirdə iştirak edib.
Universitetdən Azadmedia.az-a bildirilib ki, tədbir akademik heyət mübadiləsi istiqamətində Avstriya Respublikasında fəaliyyət göstərən IMC Krems Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilib.
Dünyanın müxtəlif ölkələrindən akademik heyət üzvləri və tələbələrin iştirak etdiyi yay məktəbində N.Musayeva “Mədəniyyətlərarası Ünsiyyət və Əməkdaşlıq” kursu üzrə təlimlər təşkil edib. N.Musayevanın dərsləri mədəniyyətlərarası ünsiyyətin nəzəri əsasları və bu sahədə aktual məsələlər üzərində qurulub. O, tədbir iştirakçıları ilə müxtəlif mədəniyyətlərdən olan insanların necə effektiv ünsiyyət qura biləcəyini, mədəniyyətlərarası fərqlərin əməkdaşlığa necə təsir etdiyini və bu fərqlərin necə idarə olunacağını müzakirə edib. Sessiya zamanı N.Musayeva iştirakçıların nəzəri biliklərdən praktiki şəraitdə istifadəsini təmin etmək üçün interaktiv yanaşmalara müraciət edib.
N.Musayeva, eyni zamanda, dünya miqyasında mədəniyyətlərarası ünsiyyətin əhəmiyyətini vurğulayaraq, öz təcrübə və araşdırmalarını təlimçilərlə bölüşüb. O bildirib ki, qloballaşan cəmiyyətdə mədəniyyətlərarası əməkdaşlığa yalnız mükəmməl ünsiyyət yolu ilə nail olmaq mümkündür ki, bu da bütün sahələrdə uğurun açarıdır.
Yay məktəbində müəllimlik fəaliyyəti ilə N.Musayeva, yalnız ATMU-nun deyil, həm də Azərbaycan təhsilinin beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli rol oynayıb. Onun təlimləri iştirakçılar arasında yüksək dəyərləndirilib və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
2 həftəlik təlimin sonunda “Rəqəmsal Biznes İnnovasiyası” IMC Beynəlxalq Yay Məktəbi çərçivəsində təlimçilərə sertifikatlar təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.